Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət indeksi” üzrə 2024-cü il qiymətləndirməsinin nəticələrini açıqlayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qiymətləndirmədə mərkəzi icra hakimiyyəti orqanları arasında 14 xidmət üzrə ən yüksək göstəriciyə (97,77 faiz) malik olmaqla növbəti dəfə 1-ci yeri tutub.
Qiymətləndirmənin nəticələrinə dair keçirilən təqdimat tədbirində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, icra hakimiyyəti orqanlarının nümayəndələri, müxtəlif qurumların rəhbər vəzifəli şəxsləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə nəticələr açıqlanıb və qiymətləndirmədə ən yüksək göstəricilərə malik qurumlar mükafatlandırılıb.
2018-ci il qiymətləndirməsində 5,15 faizlik nəticə ilə 20-ci yerdə qərarlaşmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
• 2019-2020-ci il üzrə 64,40 faiz nəticə ilə 5-ci yeri,
• 2020-2021-ci il üzrə 79,65 faiz nəticə ilə 2-ci yeri,
• 2022-ci il üzrə 88,48 faiz nəticə ilə 1-ci yeri,
• 2023-cü il üzrə 92,38 faiz nəticə ilə 1-ci yeri,
• 2024-cü il üzrə 97,77 faiz nəticə ilə 1-ci yeri
tutub.
Göründüyü kimi, Nazirlik xidmətlərin keyfiyyətinin artırılması istiqamətində apardığı ardıcıl islahatlarla “ASAN xidmət indeksi” üzrə qiymətləndirmələrdə qısa bir müddətdə birinci pilləyə yüksəlib və artıq 3-cü ildir ki, birinciliyini qoruyub saxlayır.
Nazirliyin bu qiymətləndirmədəki növbəti ən yüksək nəticəsi qiymətləndirmənin əhatə etdiyi parametrlər, yəni:
• xidmət barədə məlumatlandırma və xidmətə müraciət imkanları,
• xidmətin göstərilmə müddəti,
• informasiya ehtiyatlarının elektronlaşdırılması və digər qurumların sistemlərinə inteqrasiya,
• xidmətlərin təşkili ilə bağlı əməkdaşlara təlim keçilməsi,
• vətəndaş məmnunluğunun təmin edilməsinin ölçülməsi və s.
üzrə qurumun son illərdə mühüm irəliləyişlərə nail olduğunu bir daha göstərir.
Qiymətləndirmədə 37 mərkəzi icra hakimiyyəti orqanının 167 xidməti, 23 yerli icra hakimiyyəti orqanının 89 xidməti və 15 hüquqi şəxsin 44 xidməti daxil olmaqla, ümumilikdə 300 xidmət əhatə olunub.