Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) elektron əmək müqavilələrinin onlayn şəkildə imzalanması prosesi daha da genişlənib.
İşçi və işəgötürənlər müqaviləni imzalamaq üçün digər gücləndirilmiş imzalarla yanaşı, artıq SİMA rəqəmsal imzadan da istifadə edə bilərlər.
Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə birgə işlər nəticəsində imzalanma prosesinin SİMA İmza ilə də həyata keçirilməsi imkanı yaradılıb və SİMA yeni nəsil rəqəmsal imza ƏMAS-a uğurla inteqrasiya olunub.
RİNN sistemində də artıq bütün əmək müqavilələrinin SİMA İmza ilə onlayn imzalanması təmin edilib.
Onlayn imzalanma prosesinin genişlənməsi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti önəmli addım olmaqla, kadr uçotu sistemində kağız istifadəsinin daha da azalmasına imkan yaradır.
Proses zamanı əvvəlcə işəgötürən tərəfindən işçinin məlumatları (FİN və şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) daxil edilərək elektron müqavilə formalaşdırılır və sistem üzərindən işçiyə göndərilir.
Bundan sonra işçi ƏMAS-da şəxsi hesabına SİMA İmza ilə daxil olaraq “Təsdiq gözləyən Onlayn əmək müqaviləsi bildirişləri” bölməsinə klik edir. Bu hissədə işçi müqaviləni nəzərdən keçirib “SİMA İmza” ilə onlayn şəkildə imzalaya bilir. İmzadan sonra müqavilə avtomatik olaraq işəgötürənə göndərilir.
Son mərhələdə işəgötürən tərəfindən müqavilə elektron imza ilə imzalanır və proses bitir.
Qeyd edək ki, 2022-ci ildə istifadəyə verilən ƏMAS əmək münasibətləri üzrə bütün əməliyatların, habelə kadr kargüzarlığı və inzibatçılığı üzrə əməliyyatların rəqəmsal müstəviyə keçidini təmin edir.