Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Gender və İqtisadi İnklüzivlik şöbəsinin direktoru Barbara Rambousek ilə görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ölkəmizdə həyata keçirilən aktiv məşğulluq proqramları, həssas qrupların məşğulluq imkanlarının genişləndirilməsi üçün icra olunan layihələr barədə məlumat verib. Özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslər üçün kisik bizneslərin yaradılması, habelə həmin şəxslər üçün peşə kurslarının təşkili işləri diqqətə çatdırılıb.
Əmək və məşğulluq sahəsində rəqəmsallaşma və innovasiyaların tətbiqi istiqamətində əldə olunan nailiyyətlər, o cümlədən “Əmək və Məşğulluq” altsisteminin innovativ üstünlükləri, əmək bazarı iştirakçıları üçün faydaları qeyd edilib. Hazırda Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) insan kapitalının inkişafı, yaşıl iş yerləri, hamı üçün layiqli əmək kimi mövzularda geniş müzakirələr aparılması baxımından da mühüm platforma olduğu vurğulanıb.
Görüşdə əmək, məşğulluq, sosial müdafiə, inklüziv iş yerlərinin yaradılması sahələrində AYİB-lə gələcək əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.