Azərbaycanın rəqəmsal sosial layihələrinin beynəlxalq uğurları davam edir:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əlillik” altsistemi “Avropa Müxtəliflik Mükafatı 2023” müsabiqəsinin finalçısı adına layiq görülüb.
Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən Əlillik altsisteminin funksionallığı, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluğu, əlilliyin qiymətləndirilməsində şəffaflıq, obyektivlik və çevikliyin təminatında mühüm rolu barədə məlumatlar müsabiqəyə təqdim edilib.
Bu altsistemin müasir informasiya texnologiyalarının geniş tətbiqində, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və səmərəliliyində xüsusi önəmi vurğulanıb.
“Əlillik” altsistemi qiymətləndirmə komandası tərəfindən yoxlanılıb və 50-dən çox ölkədən 18 kateqoriya üzrə 168 layihənin iştirak etdiyi müsabiqənin “Texnologiyada Müxtəliflik” kateqoriyasında finalçılar siyahısına daxil edilib. (https://www.optumeuropeandiversityawards.com/shortlist-2023)
Müsabiqənin Böyük Britaniyada keçiriləcək final mərhələsində qaliblər seçiləcək.
Böyük Britaniyanın 2010-cu ildən fəaliyyət göstərən “Avropa Müxtəliflik Müsabiqəsi” təşkilatının hər il keçirdiyi müsabiqələr bərabərlik, müxtəliflik və inklüzivlik gündəmində əsl fərq yaradan şəxsləri və təşkilatları müəyyən etmək məqsədi daşıyır.