Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) mənzil-qərargahı Malayziyada yerləşən “The MORS Group” beynəlxalq qurumunun təşkil etdiyi “The Asia Corporate Excellence & Sustainability Awards” (ACES 2024) beynəlxalq müsabiqəsində iştirak edərək növbəti uğuruna imza atıb.
DSMF müsabiqənin “Innovative Tech Companies of the Year 2024” kateqoriyası üzrə “İlin İnnovativ Texnologiya Qurumu 2024” ali mükafatına layiq görülüb.
Müsabiqədə Çin, Yaponiya, Filippin, Malayziya, Koreya, Sinqapur, Tailand və digər Asiya ölkələrini təmsil edən maliyyə-kredit, bank, pensiya, sığorta və investisiya qurumları, eləcə də regional və beynəlxalq maliyyə korporasiyaları olmaqla 700-dək namizəd iştirak edib.
2014-cü ildən etibarən təşkil edilən “ACES” beynəlxalq müsabiqəsi hər il beynəlxalq platformada sənaye mərkəzlərinin iqtisadi və sosial inkişafını, liderlik bacarıqlarını, müasir texnologiyalardan istifadə potensialı və davamlı innovasiyalarını təşviq etmək məqsədilə keçirilir.
Qeyd edək ki, bu mükafat DSMF-in layiq görüldüyü bu il ərzində 23-cü, son 3 ildə və cari ilin ötən dövründə isə 46-cı beynəlxalq mükafatdır.