Azərbaycanın sosial sahədə daha bir beynəlxalq uğuru Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) növbəti beynəlxalq nailiyyət əldə edib: Bu dəfə DSMF Böyük Britaniyada yerləşən nüfuzlu “World Finance” beynəlxalq qurumunun “Pensiya Fondlarının Mükafatları – 2023” beynəlxalq müsabiqəsində qalib gələrək “Ən Yaxşı Pensiya Fondu” adına layiq görülüb. (https://www.worldfinance.com/awards/world-finance-pension-fund-awards-2023 ). “World Finance” beynəlxalq qurumu son bir ildə dünyada artan makro qeyri-müəyyənliyin, pulun sürətlə ucuzlaşması şəraitində sistem riskini idarə etməyin pensiya fondu sənayesi üçün çətin olduğunu bildirib. Belə çətin şəraitdə dayanıqlıq nümayiş etdirənlərin, investisiya fəaliyyətini portfelin dekarbonizasiyası üçün mütərəqqi imperativlə balanslaşdırmağa nail olanların, beləliklə, çətin mühitdə aktivlərini səmərəli şəkildə idarə edərək yenilikçi və dinamik yanaşma nümayiş etdirənlərin müsabiqənin qalibləri kimi seçildiyini qeyd edir. Son illər Azərbaycanda aparılan sosial islahatların bir istiqaməti də DSMF-nin fəaliyyətini əhatə edib: Fondun fəaliyyətində inzibati idarəçiliyin əhaliyə xidmət modeli ilə əvəzlənməsi, idarəçiliyin və xidmətlərin müasir, innovativ texnologiyalar, optimal, şəffaf iş mexanizmləri üzərində qurulması, xərclərin optimallaşdırılması, sosial ödənişlərin e-qaydada proaktiv təyinatları, ödənişlərdə çeviklik təmin edilib. Eyni zamanda, yeni qanunvericilik aktları ilə DSMF sərbəst vəsaitlərini investisiyaya yönəltmək təcrübəsinə başlamaqla maliyyə dayanıqlığının gücləndirilməsi, maliyyə risklərinin çevik idarə olunması istiqamətində yeni effektiv mexanizmə yiyələnir. Qeyd edək ki, son illər DSMF-də aparılan ardıcıl islahatlar beynəlxalq səviyyədə maraqla qarşılanaraq yüksək qiymətləndirilib. Bunun göstəricisi olaraq, DSMF keçən il və bu ilin ötən dövründə 12 beynəlxalq mükafatla (Böyük Britaniyada keçirilən müsabiqələrdə “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” və “Sosial təminat sahəsində islahata görə Mükəmməllik Sertifikatı, 2023-cü ilin Qalibi” ali mükafatları, Beynəlxalq Sosial Təminat Assosiasiyasının mükafatı və 3 Mükəmməllik Sertifikatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatı, Malayziyada keçirilən beynəlxalq müsabiqədə 1 Qızıl, 2 Xüsusi Mükafat və s.) ilə təltif olunub. Ümumilikdə qeyd olunan dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları 36 beynəlxalq mükafat və sertifikatla təltif olunub.
Göstərilən platformalarda paylaş: