Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi İngiltərədə fəaliyyət göstərən nüfuzlu marketinq və konsaltinq şirkətinin keçirdiyi “Business Awards UK” müsabiqəsinin qalibi olub.
Agentlik 13 istiqamətdə qiymətləndirmənin aparıldığı müsabiqəyə ölkəmizin son illərin mühüm rəqəmsal sosial layihələrindən olan “Əmək və Məşğulluq“ altsistemini (ƏMAS) təqdim edib.
Dövlət və özəl sektorda çalışan peşəkar münsiflərdən ibarət komissiya tərəfindən ƏMAS yüksək dəyərləndirilib və Dövlət Məşğulluq Agentliyi müsabiqənin “Rəqəmsal Transformasiya-2023” (2023-Digital Transformation Awards) kateqoriyasında “Ən Yaxşı Çevik Transformasiya” nominasiyası üzrə qalib seçilib. ( https://business-awards.uk/2023-digital-transformation-awards-shortlist/ )
2022-ci ilin may ayında istifadəyə verilən ƏMAS bundan əvvəl “IDDA Awards” müsabiqəsində “İlin Rəqəmsal Layihəsi” nominasiyasında qalib olub, habelə Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatına layiq görülüb.
Bu günlərdə həmçinin BMT-nin Cənub-Cənub əməkdaşlığı platformasında uğurlu innovativ həll nümunəsi kimi də təqdim edilib.
ƏMAS əmək və məşğulluq sahəsi üzrə xidmətlərin e-qaydada təqdim edildiyi, rəqəmsal kadr uçotunun qurulduğu, insan resurslarının effektiv idarə edilməsinə və əmək bazarına e-sistem üzərindən çevik və effektiv nəzarətə imkan yaradan vahid elektron platformadır.