Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 5 illik fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.
Vətəndaş cəmiyyətləri və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev vurğulayıb ki, Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi ölkəmizdə son illər aparılan sosial islahatların mühüm uğurlarından biridir.
DOST konsepsiyası Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsüdür və bu konsepsiya unikal bir layihə olmaqla əmək, məşğulluq, əlillik, reabilitasiya, sosial müdafiə və sosial təminat sahələrinə dair 15 istiqamət üzrə 159 sosial xidməti “bir pəncərə”dən, müasir və çevik, tam şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdim etməyə imkan verib.
Qeyd olunub ki, ötən dövrdə 7 DOST Mərkəzi (o cümlədən bu il avqustun 7-də Qarabağ Regional DOST Mərkəzi) və Zəngilanın Ağalı kəndində Smart DOST məntəqəsi açılıb.
DOST Mərkəzlərində indiyədək 1 milyon 673 min nəfərə xidmət göstərilib. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98,2 faizdir. Hazırda DOST Mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işləri davam etdirilir.
Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov geniş təqdimatla çıxış edib, tədbir iştirakçılarına 5 il ərzində Agentliyin gördüyü işlər barədə məlumat verib.
DOST Agentliyinin fəaliyyətinin beynəlxalq arenada da yüksək qiymətləndirildiyi qeyd edilib. Bildirilib ki, Agentlik ötən müddətdə 13 beynəlxalq mükafat və sertifikata (O cümlədən, Agentlik Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatı, Beynəlxalq Sosial Təminat Assosiasiyasının 3 mükafatına və Mükəmməllik Sertifikatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatı və s.), həmçinin dünyada məşhur olan LRQA sertifikatlaşdırma (Böyük Britaniya) təşkilatı tərəfindən 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb.
DOST mərkəzləri şəbəkəsinin genişləndirildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, hazırda Şuşa, Sumqayıt, Gəncə, Quba və digər regionlarda da DOST mərkəzlərinin yaradılması üçün yekun layihələndirmə-tikinti işləri aparılır. 2025-ci ilədək DOST mərkəzlərin sayının 17-yə çatdırılması, həmçinin 55 DOST filialının da yaradılması nəzərdə tutulub.
Sonra media nümayəndələrinin sualları cavablandırılıb.