Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin yaradılmasının 5 illiyi münasibətilə Azərbaycanda sosial xidmətlər sahəsində ilk dəfə olaraq keçirilən “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans başa çatıb.
Konfransın məqsədi DOST modelinin unikallığı və nailiyyətləri əsasında faydalı təcrübə mübadilələrinin aparılması, dövlət sosial xidmətləri sahəsində müasir texnologiyaların, innovativ həllərin geniş tətbiqinə əsaslanan inkişaf perspektivlərinin, gələcək inkişaf yollarının müəyyənləşdirilməsi olub.
Heydər Əliyev Mərkəzində keçirilən konfransda 50 xarici, 110 yerli qonaq, eləcə də 40 beynəlxalq təşkilat iştirak edib. İki gün davam edən tədbirdə DOST Agentliyinin 5 illik fəaliyyətinə həsr olunan hesabat xarakterli videoçarx nümayiş olunub. Çıxışlarda ölkəmizdə son illər aparılan sosial islahatların mühüm nailiyyətləri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan, sosial sahələr üzrə 159 xidməti “bir pəncərə”dən, innovativ və çevik, tam şəffaf mexanizmlər üzərində təqdim etməyə imkan verən DOST konsepsiyasının uğurları diqqətə çatdırılıb.
Konfrans çərçivəsində “Vahid platforma konsepsiyasında idarəetmə modelləri” və “Vahid platforma konsepsiyasında koordinasiya və kommunikasiya”, "Xidmətlərin vahid platforma konsepsiyasına inteqrasiyası və əlçatanlığının təmin edilməsi" və s. mövzularda plenar iclaslar keçirilib. İclaslarda yerli və beynəlxalq ekspertlərin təqdimat və çıxışları olub, müvafiq mövzularda müzakirə və geniş fikir mübadilələri aparılıb.
Tədbirdə iştirak edən xarici nümayəndələr 1 saylı Bakı DOST Mərkəzi və burada göstərilən xidmətlərlə tanış olublar. Onlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tərəfindən DOST konsepsiyası, DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipi barədə təqdimat edilib.
Konfransda iştirak edən xarici nümayəndələrə DOST Agentliyinin Təşəkkürnamələri və əlilliyi olan şəxslərin əl işlərindən ibarət simvolik hədiyyələr təqdim olunub.