İşçinin sağlamlıq arayışını da işçi və işəgötürən ƏMAS üzərindən e-qaydada əldə edə biləcək
Prezident cənab İlham Əliyevin müvafiq Fərmanına əsasən dövlət orqanlarında kargüzarlığın İKT-dən istifadə olunmaqla rəqəmsal platformaya keçidində növbəti mühüm addım atılıb. TƏBİB-in tabeliyindəki tibb müəssisələrində “İşə qəbul olunanlar üçün”, eləcə də “Sürücülüyə yararlı olmaq barədə” tibb arayışlar elektronlaşdırılıb.
May ayının 1-dən hər iki tibbi arayışı elektron formada tibb müəssisələrindən rahat və operativ şəkildə əldə etmək mümkün olacaq. Bununla bağlı keçirilən brifinqdə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov səhiyyə sahəsində rəqəmsallaşdırmanın əhəmiyyətini qeyd edib. Bildirilib ki, hazırda TƏBİB-in tabeli tibb müəssisələrinə ən çox işə, təhsil müəssisələrinə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlarla bağlı müraciətlər olur. Qurumun daxili işlər, əmək və əhalinin sosial müdafiəsi nazirlikləri ilə əməkdaşlığı çərçivəsində artıq e-arayışlar müvafiq alt sistemlərə inteqrasiya olunub.
Vətəndaşlar e-tibbi arayışı əldə etmək üçün “E-TABİB” mobil tətbiqi və “kabinet.its.gov.az” veb-səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Bundan sonra “Şəxsi kabinet”ə daxil olduqdan sonra QR kod vasitəsilə sağlamlıq və sürücülüyə yararlı olmaq haqqında tibbi arayışları e-qaydada əldə edə biləcəklər.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) direktor müavini Vüsal Məsiyev DOST RİM-in bir çox dövlət qurumu ilə bu istiqamətdə işlər apardığını qeyd edib.
O, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin geniş tətbiqinin təmin edildiyini vurğulayıb. Bildirib ki, artıq Nazirliyin vətəndaşlara təqdim etdiyi 159 xidmətdən 90 faizdən çoxu elektronlaşdırılıb, 50-dən çox xidmət isə e-sistemlər üzərindən proaktiv qaydada təqdim edilir.
Yeni tətbiq olunan e-xidmətlər nəticəsində işçinin sağlamlıq haqqında arayışını da işəgötürənə kağız daşıyıcılarla təqdim etməsinə artıq ehtiyac yoxdur. İşçi TƏBİB-in nəzdindəki bölgə tibb müəssisələrində müayinədən keçdikdən sonra onun barəsində sağlamlıq arayışı qurumun yeni e-sisteminə daxil ediləcək.
Nazirliyin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) həmin e-sistemə inteqrasiya olunduğu üçün qeyd olunan arayışı həm işçi, həm də işəgötürən ƏMAS üzərindən əldə edə biləcək. Bu məqsədlə ƏMAS-a daha bir funksionallıq əlavə olunub. Əldə olunan arayışın doğruluğu QR kod vasitəsi ilə yoxlanıla biləcək.
Bu yenilik “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində sənədləşmə prosesində kağızdan istifadənin minimuma endirilməsi istiqamətində də növbəti önəmli addımdır.