Azərbaycanı Zəfər zirvəsinə yüksəldən, ölkəmizin bütün sahələrdə dinamik tərəqqisini təmin edən Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi dayanır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafı, milli-mədəni dəyərlərimizin qorunub saxlanması, təbliği və s. istiqamətlərdə olduğu kimi, sosial müdafiə sisteminin inkişaf etdirilməsi, dövlət sosial xidmətlərinin müasir, çevik, şəffaf qaydada, vətəndaş məmnunluğuna uyğun qurulması, əhalinin həssas qruplarının diqqət və qayğı ilə əhatə olunmasında da mühüm xidmətlər göstərir.
Onun təşəbbüslərindən biri olan DOST konsepsiyası son illər Azərbaycanda aparılan sosial islahatların mühüm nailiyyətlərindən biridir. 15 istiqamət üzrə 160 sosial xidmətin “bir pəncərə”dən, müasir və çevik, şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasına imkan yaradan bu konsepsiya ölkəmizin yeni brendi kimi tanınır. BMT tərəfindən “İnnovativ ictimai xidmət həlləri” statusunda tanınan DOST konsepsiyası ötən dövrdə 30-dan çox beynəlxalq mükafat və sertifikatla təltif olunub və DOST mərkəzləri “Aİ Biznes Mühiti Hesabatı 2021”-də isə Azərbaycanın 3 təkmil islahatından biri kimi qiymətləndirilib. DOST təcrübəsini öyrənərək tətbiq etməyə maraq göstərən ölkələrin sırası da getdikcə genişlənir. Artıq 7 DOST Mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Şuşa şəhərində Qarabağ Regional DOST Mərkəzinin filialı açılıb, 2,8 milyondan çox vətəndaşa DOST xidmətləri göstərilib və hazırda DOST infrastrukturunun ölkə boyu genişləndirilməsi işləri davam etdirilir.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi isə Cənubi Qafqazda kifayət qədər əhatəli fəaliyyət istiqamətlərini özündə birləşdirən ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. 2021-ci ilin ilin oktyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan bu Mərkəzdə əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri və digər həssas qrupların cəmiyyətə inteqrasiya imkanlarının artırılması, yaradıcı potensiallarının inkişaf etdirilməsi üçün ardıcıl işlər aparılır.
Dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum məzunlarının mənzillə təminatı dövlətimizin hər bir vətəndaşın rifahına xidmət edən sosial siyasətinin bariz təzahürlərindən biridir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə son illərdə bu istiqamətdə mühüm addımlar atılıb: Heydər Əliyev Fondunun mühüm sosial əhəmiyyət kəsb edən layihələrindən biri olaraq Abşeron rayonunda üç çoxmənzilli yaşayış binası inşa edilərək, dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum məzunlarının istifadəsinə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin “Məzun evi” kimi fəaliyyət göstərən həmin yaşayış binalarında 365 məzun mənzillə təmin olunub. Bu nəcib tədbirin davamı olaraq, dövlət uşaq müəssisələrinin məzunlarına yeni inşa olunmuş yaşayış komplekslərindən də mənzillər verilməklə, əlavə olaraq həmin kateqoriyadan olan yüzlərlə şəxs də mənzillə təmin edilib.
Birinci vitse-prezident Mehriban Əliyevanın həssas qruplara xüsusi diqqət və qayğısının daha bir təzahürü də 2016-cı ilin Aprel döyüşlərində yaralanmış hərbçilərimizin qısa zaman ərzində Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin edilməsidir. Fondun layihəsi çərçivəsində bu istiqamətdə aparılan işlər qəhrəman hərbçilərimizin reabilitasiyasına böyük dəstəyi ifadə edir. Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının tapşırığı ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstək paketinin bir istiqaməti olaraq artıq 481 şəxs 587 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Bakıda Uşaq Reabilitasiya Mərkəzi, Naxçıvan, Gəncə və Yevlaxda məhdud fiziki imkanlı insanlar üçün regional informasiya mərkəzləri, əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun olan, nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb.
Həmçinin Heydər Əliyev Fondu tərəfindən ardıcıl olaraq həssas qrupların, habelə ahılların yaşadığı sosial xidmət müəssisələrində həmin insanlara dəstək məqsədi daşıyan nəcib tədbirlər təşkil olunur. Pandemiya dövründə isə həmin müəssisələrdəki insanların, o cümlədən ahılların COVİD-19 infeksiyasından qorunması üçün Fond tərəfindən davamlı işlər aparıldı. Fondun “Regional İnkişaf” İctimai Birliyinin “Sosial bağlar” layihəsi də özünüməşğulluq proqramının genişlənməsinə mühüm dəstək olub. Layihə üzrə yüzlərlə aztəminatlı ailə üçün intensiv meyvə bağları, tərəvəz və bostançılıq təsərrüfatları yaradılıb.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qeyd olunan, yüksək humanizm, mərhəmət, şəfqət və xeyirxahlığı təcəssüm etdirən layihələri, təşəbbüsləri, əhalinin həssas qruplarının diqqət və qayğı ilə əhatə olunması üçün gördüyü böyük işlər ümumən ölkəmizdə sosial inkişafa xidmət edir və ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanır.