Pakistan İslam Respublikasının xaricdə yaşayan pakistanlılarla iş və insan resurslarının inkişafı naziri Sacid Hüsseyn Turinin rəhbərlik etdiyi nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan, Cənubi Qafqazda ilk və ən böyük inklüziv məkan olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti barədə qonaqlara məlumat verib.
Qeyd olunub ki, 2021-ci ilin oktyabrında açılışı olan Mərkəz ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarının yaradıcı potensialının inkişafı və cəmiyyətə təqdim olunmasına, onların sosial inteqrasiyasına mühüm dəstək verir. Mərkəzdə şəhid ailələlərinin üzvləri, əlilliyi olan şəxslər, o cümlədən müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələr və əlilliyi olan şəxslərə xidmət göstərilir.
Hazırda burada həssas qruplara aid 200-dək benefisiar müxtəlif fəaliyyət istiqamətləri (rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma, tikmə, bədii oyma, floristika, bağçılıq və landşaft dizaynı, audio-səsyazma, fotoqrafiya, kulinariya, səhnə ifaçılığı, kapoeyra, badminton və s.) üzrə təlimlərdə iştirak edir, bacarıqlarını təkmilləşdirir.
Pakistan nümayəndə heyəti mərkəzdə yaradılan şəraitlə tanış olub, həssas əhali qruplarından olan şəxslərin cəlb olunduğu təlim proseslərini izləyib, onların əl işlərinə baxıb. Benefisiarların ifasında musiqi nömrələri də təqdim edilib. Mərkəzdə benefisiarların yaradıcılıq nümunələri, Azərbaycan-Pakistan mədəni əlaqələrini, hər iki xalqın milli mədəni dəyərlərini əks etdirən sənət əsərləri qonaqlarda xoş təəssürat yaradıb.
Sosial şəbəkələrdə də bizi izləyin: