Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində işəgötürənlər arasında ardıcıl və geniş maarifləndirmə tədbirləri davam etdirilir. Bu məqsədlə Qazax rayonunda da geniş tərkibdə müşavirə keçirilib.
Müşavirədə ayrı-ayrı dövlət qurumlarının məsul şəxsləri, rayon üzrə Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin üzvləri, işəgötürənlər, QHT-lər və b. iştirak edib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Vergilər Nazirliyinin Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi departamentinin şöbə müdiri Altay Rəhimov, Qazax rayon Məşğulluq Mərkəzinin direktoru Elçin Nəsibov və başqaları çıxış ediblər.
Müşavirədə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin nailiyyətlərindən bəhs olunub. Dövlət başçısının imzaladığı fərman və sərəncamlara əsasən, respublikada əməkhaqları və pensiyaların, sosial müavinətlərin, təqaüdlərin ciddi şəkildə artırılmasının aparılan güclü sosial siyasətin məntiqi nəticəsi olduğu vurğulanıb. Eyni zamanda, ölkəmizdə sahibkarlığın inkişafına, məşğulluq imkanlarının artırılmasına əlverişli şərait yaradıldığı, vergi qanunvericiliyində edilən dəyişikliklərin də özəl sektorun inkişafına dövlət dəstəyinin növbəti bariz nümunəsi olduğu, bu dəyişikliklərin əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbirdə Prezident cənab İlham Əliyevin 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın müsbət nəticələrindən, əmək bazarı iştirakçılarının qanuni mənafelərinin qorunması üçün atılan mühüm addımlardan bəhs olunub. Qeyri-leqal məşğulluq hallarının vergi və sosial sığorta ödmələrinin həyata keçirilməsinə, işçilərin əmək və sosial hüquqlarının təminatına ciddi maneə olduğu bildirilib. Belə halların aradan qaldırlmasında birgə səylərinin artırılmasının vacibliyi vurğulanıb.