Əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı müəyyən edilmiş iş vaxtı ərzində işçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunduğu hallarda onun əmək haqqına əlavə müəyyən edilib ödənilməlidir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin “Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqında tutulmalar” mövzusunda Quba rayonunda təşkil etdiyi seminarda bildirilib. Tədbirdə Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən rayonlarından ayrı-ayrı işəgötürənlərin nümayəndələri iştirak edib.
Seminarda əmək haqqının verilməsinin müddətləri, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyi hallarla bağlı qanunvericiliyin tələbləri qeyd olunub. İşçilərin haqq-hesab sənədlərinin tərtib edilməsi üzrə qaydalar, əmək haqqından tutulmalara yol verilən hallar və s. barədə məlumatlar verilib. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətlərinin də müəyyən oluna bildiyi diqqətə çatdırılıb. Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsindən də bəhs olunub. Qeyd olunub ki, özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı, müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir.
Gecə vaxtı yerinə yetirilən işə, çoxnövbəli iş rejiminə, iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının verilməsi ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplər barədə də ətraflı məlumatlar verilib.
Tədbirdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması mövzusundan da geniş bəhs olunub. Qeyri-rəsmi məşğulluğun əmək qanunvericiliyinin, işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olduğu diqqətə çatdırılıb.