Azərbaycan Respublikasının Prezidentinin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər” haqqında 393 nömrəli 10.12.2018-ci il tarixli Fərmanı ilə Övladlığagötürmə sahəsində dövlət siyasəti və tənzimlənmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) fəaliyyət istiqamətlərinə aid edilib.
Övladlığagötürmə 3 (üç) mərhələdə həyata keçirilir:
Aşağıda qeyd edilən şəxs şəxs(lər) istisna olmaqla, hər iki cinsdən olan şəxs(lər) övladlığa götürən ola bilər:
1. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;
2. Məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər;
3. Qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər;
4. Əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər;
5. Səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər;
6. Məhkumluğun götürülməsi və ödənilməsi nəzərə alınmadan, sülh və insanlıq, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə qəsdən törədilən ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər və bu cinayətləri törətdiyinə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər;
7. Barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər;
8. Ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən (Azərbaycan Respublikası vətəndaşı olan uşaqları övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaşadıqları ölkə üzrə orta aylıq əməkhaqqının 2 (iki) mislindən) az olan şəxslər (ögey ata (ögey ana) və qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla);
9. Övladlığagötürməyə, himayədar ailə olmağa, qəyyumluğa və himayəyə qəbul etməyə imkan verməyən xəstəliklərin siyahısı ilə müəyyən edilmiş xəstəlikləri olan şəxslər;
10. Nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları);
11. Mülkiyyətində, orada yaşayan hər bir şəxs nəzərə alınmaqla yerləşdiyi ölkənin müvafiq qanunvericiliyinə əsasən minimum normadan az yaşayış sahəsi olan Azərbaycan Respublikası vətəndaşı olan uşağı övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
12. Ögey ata (ögey ana), habelə qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla yaşı 30-dan az olan nikahda olmayan şəxslər;
13. 2.6, 2.7 və 2.9-cu bəndlərdə qeyd olunan tələblər eyni zamanda uşağı övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslərə münasibətdə də tətbiq edilir.
14. Aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər..
Övladlığa uşaq götürmək istəyən şəxs(lər) (bundan sonra - valideyn-namizəd) onunla birgə (ümumi ev təsərrüfatına malik) yaşayan 18 yaşdan yuxarı olan şəxs(lər) ilə birlikdə respublika ərazisində fəaliyyət göstərən istənilən notariat ofisinə müraciət etməklə övladlığagötürmə ilə bağlı ərizə formasını əldə edir.
Notarial qaydada təsdiq edilmiş ərizə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra – MEİS) ötürüldükdən sonra valideyn-namizəd tərəfindən Nazirliyin “e-sosial” internet portalında yerləşdirilmiş “övladlığagötürmə ilə bağlı müraciətlərin qəbul edilməsi” elektron xidmətindən istifadə etməklə Vahid Giriş Sistemi (”ASAN login”) vasitəsilə şəxsi kabinet yaradılır.
https://adoption.mlspp.gov.az/app
Valideyn-namizəd və onunla birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxs(lər) tibbi müayinələrdən keçmək üçün ölkə üzrə müəyyən edilmiş aşağıdakı tibb müəssisələrində müayinələrdən keçə bilərlər:
1. Bakı şəhər qeydiyyatında olan şəxslər - 5 nömrəli şəhər Poliklinikası;
2. Digər şəhər/rayon qeydiyyatında olan valideyn-namizədlər:
Ø Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanası;
Ø Gəncə şəhər birləşmiş xəstəxanası PHŞ;
Ø Lənkəran rayon mərkəzi xəstəxanası PHŞ;
Ø Şəki rayon mərkəzi xəstəxanası PHŞ.
Övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu Nazirlik tərəfindən aşağıdakı qaydada müəyyən edilir:
Valideyn-namizədlə müsahibə keçirilməsi
Valideyn-namizəd “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”na uyğun olaraq uçota alındıqdan sonra 10 (on) iş günü müddətində sosial işçi valideyn-namizədlə onun yaşayış yerində müsahibə keçirir.
Müsahibə zamanı valideynlərlə iş üzrə sosial işçi valideyn-namizədin həyat şəraiti, maraqları, ailə tərkibi (ailə üzvlərinin sayı, o cümlədən ailədə olan uşaqların yaşı və cinsi) barədə məlumatları, habelə ailə üzvlərinin övladlığagötürməyə münasibətini öyrənir, eyni zamanda, övladlığagötürmə ilə bağlı valideyn-namizədi məlumatlandırır və müsahibənin nəticələrinə dair 2 (iki) iş günü müddətində ilkin qiymətləndirmə rəyi hazırlayıb altsistemə daxil edir.
Valideyn-namizədin maddi-məişət şəraitinin müayinəsi
Müsahibə başa çatdıqdan sonra uşaqlarla iş üzrə sosial işçi valideyn-namizədin maddi-məişət şəraitini uşağın mənafeyinə uyğunluq baxımından müayinə edir. Müayinənin nəticəsinə dair bu Qaydaya əlavədə müəyyən edilmiş formaya uyğun olaraq, valideyn-namizəd və uşaqlarla iş üzrə sosial işçi tərəfindən imzalanmaqla akt tərtib edilir və uşaqlarla iş üzrə sosial işçi həmin gün ərzində aktı altsistemə daxil edir. Müayinənin nəticələrinə əsasən valideyn-namizədin maddi-məişət şəraiti uşağın mənafeyinə uyğun hesab edilmədikdə, valideyn-namizəd 1 (bir) ay müddətində aktda qeyd olunan nöqsanları aradan qaldırmaqla maddi-məişət şəraitinin müayinəsi üçün təkrar müraciət etmək hüququna malikdir.
Valideyn-namizədin təlimlərə cəlb edilməsi
Nazirlik valideyn-namizədlə "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi" qaydasının 5-ci hissəsinə uyğun olaraq aparılan müsahibəyə dair sosial işçilərin ilkin qiymətləndirmə rəyi və maddi-məişət şəraitinin müayinəsinin nəticələrinə dair akt əsasında 3 (üç) iş günü müddətində müsahibənin nəticələrinə dair qərar qəbul edir. Müsahibədən keçmiş valideyn-namizəd 10 (on) iş günü müddətində Nazirliyin təşkil etdiyi, müddəti 30 (otuz) gündən çox olmayan təlimlərə cəlb edilir. Təlimin mövzularını və proqramlarını Nazirlik hazırlayır.
Təlimin sonunda valideyn-namizədin aşağıdakı meyarlar üzrə qiymətləndirilməsi aparılır və qiymətləndirmənin nəticələrinə dair hesabat tərtib edilir:
övladlığagötürmə ilə bağlı valideyn-namizəddə özünəinam və özünüdərk səviyyəsi; valideyn-namizədin övladlığa götürülən uşağın ehtiyacları barədə əsas biliklərə malikolma səviyyəsi; övladlığagötürmə ilə bağlı valideyn-namizədin motivasiyası; valideyn-namizədin valideynlik bacarıqlarının inkişaf səviyyəsi; valideyn-namizədin övladlığa götürülən uşağın tərbiyəsi zamanı yarana biləcək problemlərin həlli ilə bağlı qərar qəbul etmək bacarığı.
Təlimdən keçmiş valideyn-namizəd, övladlığagötürmə ilə bağlı təkrar müraciət etdikdə, övladlığagötürmənin təlim mərhələsindən azad olunur.
Qeyd: Öz ölkəsində övladlığa götürmə ilə bağlı təlim keçməsi barədə təsdiqedici sənəd (sertifikat) təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təlimlərə cəlb edilmirlər.
Valideyn-namizədə uyğun uşağın seçilməsi və onların görüşlərinin təşkili
Təlimin nəticələri müsbət qiymətləndirildikdə, valideyn-namizədin istək və mənafeyi, eləcə də Ailə Məcəlləsinin 121.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, altsistem övladlığa götürülən uşağa uyğun valideyn və valideyn-namizədə uyğun uşaq seçir və Nazirlik 5 (beş) iş günü müddətində uşağın yerləşdiyi müəssisədə sosial işçinin iştirakı ilə onların görüşünü (görüşlərini) təşkil edir.
Övladlığa götürülən uşağa uyğun valideyn və valideyn-namizədə uyğun uşağın seçimi zamanı Ailə Məcəlləsinin 121.3-cü maddəsinə uyğun olaraq azı 3 (üç) il nikahda olan (yaşı 35-dən yuxarı olan ər-arvad üçün 1 (bir) il) Azərbaycan Respublikasının vətəndaşlarına və azı 5 (beş) il müddətində nikahda olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə yaşı 55-dək olan şəxslərə üstünlük verilir.
Valideyn-namizədin uşaqla tanışlıq və ailə bağlarının qurulması məqsədilə uşağın yerləşdirildiyi müəssisədə 2 (iki) ay müddətində ayda ən azı 40 (qırx) saat olmaqla görüşü təşkil edilir.
Qeyd: Azərbaycan Respublikasından kənarda yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2 həftə ərzində ümumilikdə 40 saat müddətində müəssisələrdə uşaqlarla görüş keçirməlidirlər. Bu müddəti valideyn himayəsindən məhrum olmuş 0-1 yaşınadək uşaqlara münasibətdə sosial işçinin hesabatı əsasında Nazirlik 20 (iyirmi) gün müddətində 12 (on iki) saatadək qısalda bilər.
Uşağın yerləşdirildiyi müəssisə valideyn-namizədin uşaqla görüşünün keçirilməsinə və sosial işçilərin öz vəzifələrini yerinə yetirməsinə lazımi şərait yaratmalıdır.
Uşağın valideyn-namizədin evində sınaq müddətinə müvəqqəti yerləşdirilməsi
Uşaqla valideyn-namizədin görüşlərinin nəticəsinə uyğun olaraq uşaq valideyn-namizədin evində 3 (üç) ay sınaq müddətində Nazirlik ilə valideyn-namizəd arasında bağlanmış müqavilə əsasında müvəqqəti yerləşdirilir.
Övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsi
Nazirlik sınaq müddətinin sonunda övladlığagötürmə ilə bağlı bütün mərhələlərin nəticəsinə uyğun olaraq övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında 7 (yeddi) iş günü müddətində rəy hazırlayır.
Rəyin hazırlanmasında övladlığagötürmə mərhələləri ilə bağlı sosial işçilərin hazırladıqları hesabatlar (rəylər), valideyn-namizədin təlim nəticələri, eləcə də övladlığa götürülən uşaqların istək və mənafeləri nəzərə alınır.
Rəy övladlığagötürmə ilə bağlı məhkəməyə müraciət edən şəxsin ərizəsinə əlavə olunur.
Övladlığagötürmədən sonra monitorinqlərin keçirilməsi
Övladlığagötürmə ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra uşaq 18 yaşına çatana qədər ilk ildə hər rüb, növbəti illərdə isə ildə 1 dəfə olmaqla həyata keçirilir.
Qeyd 1: Yuxarıda qeyd edilən sənədlər aidiyyəti dövlət orqanlarının informasiya ehtiyatlarından əldə edilir, bu mümkün olmadıqda həmin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq əldə edilir.
Qeyd 2: Övladlığagötürmənin uşağın mənafeyinə uyğun olmasını müəyyənləşdirmək məqsədi ilə valideyn-namizəd, ailə üzvləri, habelə onlarla birgə yaşayan şəxs(lər)in razılığı ilə onların barəsində əlavə sənədlər və məlumatlar əldə edilə bilər.