ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Yaşa görə əmək pensiyası

“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir:

Dövr

Kişilər üzrə pensiya yaşı

Qadınlar üzrə pensiya yaşı

1 iyul 2017 – 30 iyun 2018

63 il 6 ay

60 il 6 ay

1 iyul 2018 – 30 iyun 2019

64 il

61 il

1 iyul 2019 – 30 iyun 2020

64 il 6 ay

61 il 6 ay

1 iyul 2020 – 30 iyun 2021

65 il

62 il

1 iyul 2021 – 30 iyun 2022

65 il

62 il 6 ay

1 iyul 2022 – 30 iyun 2023

65 il

63 il

1 iyul 2023 – 30 iyun 2024

65 il

63 il 6 ay

1 iyul 2024 – 30 iyun 2025

65 il

64 il

1 iyul 2025 – 30 iyun 2026

65 il

64 il 6 ay

1 iyul 2026 və sonra

65 il

65 il

 

Yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin pensiyanın sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (“Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi (SH=PSK/T) müəyyən edilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 dekabr 2018-ci il tarixdə təsdiq etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun 2019-cu ilin 1 yanvarından qüvvəyə minmişdir. Qanuna edilmiş və qüvvəyə minən dəyişikliyə əsasən, 2019-cu ilin əvvəlindən pensiyaların pensiya hüququ yaranan şəxsin heç bir müraciəti olmadan, sənəd təqdim etmədən və pensiya hüququ yaranan gün ərzində elektron qaydada təyin edilməsinə başlanılmışdır. Pensiya şəxsə təyin olunandan sonra ona bu, həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə “sms”, e-mail və ya rəsmi məktubla məlumat verilir.

Pensiya təyinatının avtomatlaşdırılması tədbiri pensiya hüququ yaranacaq şəxslərdən 80 faizini əhatə edəcək.

Pensiya təyinatının avtomatlaşdırılması hələ ki, mümkün olmayan digər 20 faiz şəxslərin sırasına aiddir:

  • “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsindəki (güzəştli şərtlərlə əmək pensiyasına hüquq qazananlar)
  • “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsindəki qruplar (dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və s.)

Mütəmadi olaraq həmin kateqoriyadan olan vətəndaşların pensiya təyinatının avtomatlaşdırılması üçün həm qanunvericilikdə, həm də aidiyyəti qurumlarla birgə elektron proqram təminatının qurulması istiqamətində işlər aparılacaq.

Əmək pensiyası yaş həddinə çatmış, lakin yaşa görə əmək pensiyası hüququ yaranmayan şəxslərə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əmək qabiliyyəti olmayan şəxslər işləmədikdə yaşa görə sosial müavinət (2023-ci ilin yanvarın 1-dən 220 manat) almaq hüququ vardır.

Müraciət etmə qaydası

Vətəndaş Fondun regional filialına və ya DOST mərkəzlərinə şəxsən və ya etibarnamə üzrə nümayəndə vasitəsilə yazılı, o cümlədən elektron qaydada müraciət edə bilər.

Tələb olunan sənədlər

1.əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti);
2. Sosial sığorta stajına aid sənədlər;

Pensiyanın məbləği və müddəti

Sığorta göstəricilərinə əsasən fərdi hesabında toplanmış pensiya kapitalına uyğun olaraq pensiyanın məbləği müəyyən edilir.
Qeyd: Minimum pensiyanın məbləği 280 manat təşkil edir.
Yaşa görə əmək pensiyası ömürlük təyin edilir.