ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ümumi məlumat

Ağlabatan uyğunlaşdırılma nədir?

Ağlabatan uyğunlaşdırılma əlilliyi olan şəxslər tərəfindən əsas insan hüquq və azadlıqlarının digərləri ilə bərabər səviyyədə reallaşdırılması, əlilliyi olan şəxslərə qarşı ayrı-seçkiliyin aradan qaldırılması üçün hər bir konkret halda zəruri və mümkün uyğunlaşmaların və düzəlişlərin edilməsi məqsədilə həyata keçirilir.

Ağlabatan uyğunlaşdırılmanın müraciət əsasında aparılması

Ağlabatan uyğunlaşdırılması aşağıdakı şəxslərin (təşkilatların) Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatlara (bundan sonra – Təşkilat)  müraciəti əsasında aparılır:

  • əlilliyi olan şəxsin (şəxslərin) və ya onun (onların) qanuni nümayəndəsinin;
  • “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılmış əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarının.

Müraciət qaydası

Ağlabatan uyğunlaşdırılma ilə bağlı müraciət Şəxsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  “e-sosial” internet portalında olan şəxsi kabineti vasitəsilə edilir. “e-sosial” internet portalından ünvanlanmış müraciət Təşkilatın şəxsi kabinetində yerləşdirilir və Təşkilatın səlahiyyətli şəxsinin mobil telefonuna bu barədə SMS göndərilir.  Müraciətə şəxsin əlilliyinə dair məlumatları və ehtiyac olan ağlabatan uyğunlaşdırılma barədə məlumat əlavə olunur.

Ağlabatan uyğunlaşdırılmanın zəruriliyi və mümkünlüyü

Uyğunlaşdırılmanın zəruriliyi və mümkünlüyü Təşkilat tərəfindən aşağıdakı göstəricilər əsasında qiymətləndirilir:

  • ağlabatan uyğunlaşdırılma üzrə xərclərin Təşkilatın maliyyə imkanlarına mütənasibliyi;
  • Obyektdə mövcud olan uyğunlaşdırılma vasitələrinə daha yüksək tələblərin irəli sürülməsi.

Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda işlədiyi zaman istehsalatda bədbəxt hadisələr nəticəsində və ya peşə xəstəliyi səbəbi ilə əlilliyi müəyyən edilmiş şəxslər həmin müəssisə, idarə və təşkilatlarda işləməkdə davam etdikdə, onların ağlabatan uyğunlaşdırılma ilə bağlı müraciətinin yuxarıda qeyd olunan şərtlərə əsaslanmaqla təmin olunmasından işəgötürən tərəfindən imtina edilməsinə yol verilmir.

Ağlabatan uyğunlaşdırılmaya dair görüş

Təşkilat müraciət üzrə ağlabatan uyğunlaşdırılmaya dair qərar qəbul edənədək əlilliyi olan şəxsin öz hüquqlarından istifadə etməsinə və ya onların reallaşdırılmasına mane olan əngəllərin müəyyənləşdirilməsi və aradan qaldırılması məqsədilə həyata keçiriləcək ağlabatan uyğunlaşdırılma görüş keçirilməklə Şəxs (təşkilat) ilə müzakirə olunur və tələb olunan uyğunlaşdırılmanın xarakteri, resurslar və əldə olunacaq nəticələr öyrənilir. 

Qərar qəbul edilməsi

Təşkilat tərəfindən ağlabatan uyğunlaşdırılmaya dair müraciətin daxil olduğu tarixdən 15 (on beş) iş günü müddətində aşağıdakı qərarlardan biri qəbul olunur və müraciət edən şəxsə (təşkilata) bu barədə məlumat verilir:

  • ağlabatan uyğunlaşdırılmanın aparılmasına dair qərar;
  • səbəbləri göstərilməklə, ağlabatan uyğunlaşdırılmanın aparılmasından imtinaya dair qərar (bu halda ağlabatan uyğunlaşdırılma ilə bağlı müraciət olunan məsələlərin zərurətdən artıq və ya əsaslandırılmamış olması iddiası Təşkliat tərəfindən əsaslandırılmalıdır).

Ağlabatan uyğunlaşdırılmanın aparılması

Ağlabatan uyğunlaşdırılmanın aparılmasına dair qərar qəbul edildiyi təqdirdə, Təşkilat tərəfindən 3 (üç) ay müddətində ağlabatan uyğunlaşdırılma təmin edilir.

Şikayət qaydası

Ağlabatan uyğunlaşdırılmanın aparılmasından imtina edilməsinə dair Təşkilatın qərarı ilə razılaşmadıqda, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.