ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət tibbi müəssisəsi tərəfindən elektron sənəd formasında tərtib edilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə ötürülmüş xəstəlik vərəqinə dair məlumatlara əsasən əmək qabiliyyətinin müvəqqəti itirildiyi təqvim günləri üçün verilir. Müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirildiyi birinci gündən başlayaraq əmək qabiliyyəti bərpa olunanadək, lakin bir ildən çox olmayan dövr üçün verilir.

Bu müavinətin aylıq maksimal məbləği əmək pensiyasının minimum məbləğinin 25 mislindən və ya sığortaolunanın (əlavə iş yeri olduqda isə əsas və əlavə iş yerində cəmi qazancı nəzərə alınmaqla) aylıq vəzifə maaşı və ya tarif dərəcəsinin (vaxtamuzd əməkhaqqı alanlar üçün vaxtamuzd, işəmuzd əməkhaqqı alanlar üçün isə işəmuzd əməkhaqqı) iki qatından (istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi istisna olmaqla) artıq ola bilməz.

Müavinət stajdan asılı olmayaraq ümumi qazancın 100 faizi miqdarında ödənilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl gələn 4 rübə münasibətdə sığortaolunan üçün ödənilmiş (həmin dövr üçün hesablanmış) məcburi dövlət sosial sığorta haqqının dörd mislindən hesablanır.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği aşağıdakı düsturlarla hesablanır:

MM = TGS x OQM

burada,

  • MM – əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləğini;
  • TGS – əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdəki təqvim günlərinin sayını;
  • OQM – bir təqvim gününə düşən orta qazancın məbləğini bildirir;

OQM = ÜQM / BTG

burada,

  • OQM – bir təqvim gününə düşən orta qazancın məbləğini;
  • ÜQM – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində sığortaolunanın ümumi qazancının məbləğini;
  • BTG – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində bölən təqvim günlərinin sayını bildirir;

BTG = ÜTG - ÇTG

burada,

  • BTG – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində bölən təqvim günlərinin sayını;
  • ÜTG – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində cəmi təqvim günlərinin sayını;
  • ÇTG – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində çıxılan günlərin sayını bildirir.

Bölən təqvim günlərinin sayını müəyyən etmək üçün ümumi təqvim günlərinin sayından aşağıdakı dövrə düşən təqvim günlərinin sayı çıxılır:

  • əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilmiş, həmçinin sosial sığorta stajı 6 aydan az olduğuna görə müavinət ödənilməmiş əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrlər;
  • hamiləliyə və doğuma görə müavinət ödənilmiş, həmçinin sosial sığorta stajı 6 aydan az olduğuna görə müavinət ödənilməmiş hamiləliyə və doğuma görə məzuniyyət dövrləri;
  • qismən ödənişli sosial məzuniyyət dövrü.

Xəstəliyin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta vəsaiti hesabına ödənilir. Xəstəlik bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, xəstəliyin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta vəsaiti hesabına ödənilir. Xəstəlik bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, xəstəliyin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta vəsaiti hesabına ödənilir. Qeyri-iş günlərinə düşməsinə görə xəstəlik müddəti üzrə kəsilmə baş verməsi səbəbindən xəstəlik vərəqində rejim pozuntusuna dair qeyd olduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi fasiləsiz və ardıcıl hesab edilir.

Sığortaolunan əsas iş yeri ilə yanaşı əlavə iş yerində (yerlərində) muzdlu işə aid olan fəaliyyətdən gəlir əldə edərsə, bu zaman müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün sığortaedənlər tərəfindən hər bir iş yerindəki qazancı əsasında ayrı-ayrılıqda hesablanır və ödənilir. Qalan günlər üçün isə müavinət sığortaolunanın həm əsas, həm əlavə iş yeri (yerləri) üzrə ümumi qazancı əsasında hesablanır və məcburi dövlət sosial sığorta vəsaiti hesabına ödənilir.

Əsas iş yerindən əlavə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunana müavinət sığortaedənin vəsaiti hesabına ilk 14 təqvim günü üçün yalnız əsas iş yerindən əldə etdiyi qazancı, qalan günlər üçün isə müavinət sığortaolunanın bütün qazancı əsasında hesablanır və məcburi dövlət sosial sığorta vəsaiti hesabına ödənilir.

Təyinatın avtomatlaşdırılmış qaydada aparılması mümkün olmadığı hallarda, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada sığortaedən tərəfindən müraciət edildikdən sonra müavinətin verilməsi təmin edilir.

Yeni qayda 2026-cı il 1 may tarixindən tətbiq edilir.

Bu tarixədək baş vermiş və (və ya) bu tarixdən sonra davam edən sosial sığorta hadisəsinə görə məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi həmin tarixə qüvvədə olan normalara uyğun həyata keçirilir.