ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Dəfn üçün müavinət

Aşağıdakı 4 kateqoriyadan olan şəxslər vəfat etdikdən onları dəfn etməyi öhdəsinə götürən şəxslərə dəfn üçün birdəfəlik müavinət ödənilir:

1. “Sosial müavinət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluqçularına verilən ömürlük müavinət, yaşa, əlilliyə, ailə başçısını itirməyə görə müavinət alan şəxslər;

2. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq  işsizlikdən sığorta ödənişini alan şəxslər;

3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək pensiyası alan şəxslər;

4. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunan.

Sığortaolunanlara və əmək pensiyaçılarına münasibətdə məcburi dövlət sosial sığorta haqqı hesabına, digərlərinə münasibətdə isə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Dəfn üçün birdəfəlik müavinət ölümü dövlət qeydiyyatına alınmış şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və dəfnlə bağlı xərcləri çəkmiş şəxs barədə məlumatlar əsasında 2026-cı il 1 may tarixindən avtomatlaşdırılmış qaydada təyin olunur.

Dövlət qulluqçularına verilən ömürlük müavinət, yaşa, əlilliyə, ailə başçısını itirməyə görə müavinət alan şəxslər, işsizlikdən sığorta ödənişi alan şəxslər və sığortaolunanlar üzrə dəfn üçün birdəfəlik müavinətin məbləği 600 manat, əmək pensiyaçıları üzrə isə minimum aylıq əmək pensiyasının üç misli miqdarındadır. Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır.

Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin məbləğcə daha böyük olanı ödənilir.

Təyinatın avtomatlaşdırılmış qaydada aparılmasının mümkün olmadığı hallarda, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada sığortaedən tərəfindən müraciət edildikdən sonra müavinətin verilməsi təmin edilir.