Azərbaycanda aparılan sosial siyasətin mühüm istiqamətlərindən biri də müvafiq kateqoriyalardan olan, sosial müdafiəyə ehtiyac duyan uşaqların ünvanlılıq, effektiv və optimal təminat prinsipləri əsasında etibarlı sosial təminat sistemi ilə dolğun şəkildə əhatə olunmasıdır. Bu isə ölkədə sosial dəstəyə ehtiyac duyan hər bir uşağın dövlət tərəfindən birbaşa və müxtəlif sosial proqramlar vasitəsilə maddi formada dəstəklənməsinə imkan verir.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ailə başçısını itirməyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ödənilənlərin 166 min nəfəri, ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrdəki ailə üzvlərinin (65 min ailə, 270 min ailə üzvü) 140 minə qədəri uşaqlardır. Həmçinin yeni doğulan uşaqlara görə ailələrə birdəfəlik müavinət verilir və təkcə ötən il ərzində 130 minə yaxın uşağa görə birdəfəlik müavinət ödənilib.
O cümlədən, şəhid ailələrinin, müharibə səbəbi ilə əlaqədar əlilliyi olanların, Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan, yaxud vəfat etmiş valideynlərin, müddətli həqiqi hərbi xidmət qulluqçularının, həmçinin beşdən çox uşağı olan qadınların uşaqları, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək və valideynlərini itirmiş və sağlamlıq imkanları məhdud 92.8 min uşağın sosial müdafiəsi üçün aylıq sosial müavinət verilir. İl ərzində 35 minə yaxın 3 yaşadək uşağa qulluğa görə onların sığortaolunan valideynlərindən birinə müavinət ödənilir.
Ümumilikdə il ərzində Azərbaycanda 565 minədək uşaq birbaşa və müxtəlif sosial proqramlar vasitəsilə maddi formada dəstəklə əhatə olunur.
Bununla bərabər, cari ildə dövlət başçısının təqdim etdiyi və vətəndaş rifahının təminatı sahəsində inqilabi addımların atılmasını təmin edən sosial islahatlar paketinin tərkib hissəsi kimi, uşaqlara yönələn sosial ödənişlər də ciddi şəkildə artırılıb: sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün sosial ödənişin məbləği 82 manatdan 2,4 dəfə artırılmaqla 200 manata çatdırılıb. Onlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılmaqla yanaşı, həmin uşaqlara qulluq edənlər üçün 50 manat məbləğində aylıq təqaüd təsis edilib. Həmçinin beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata, uşaqların qəyyumları (himayəçiləri) üçün müavinət 61 manatdan 100 manata, ailə başçısını itirməyə görə müavinət hər ailə üzvü üçün 68 manatdan 80 manata, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb.