Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzinə vətəndaş cəmiyyəti institutları nümayəndələrinin infoturu təşkil olunub.
İnfotur iştirakçıları müasir tələblərə uyğun qurulmuş Mərkəzdə yaradılan şəraitlə, burada əlilliyi olan şəxslərə göstərilən tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri ilə tanış olublar.
Tədbir reabilitasiya xidmətləri sahəsində görülən işlər və icra edilən layihələr barədə məlumat vermək, həmçinin QHT-lərin bu sahə ilə bağlı rəy və təkliflərini öyrənmək məqsədi daşıyıb.
İnfotur iştirakçıları ilə görüşdə Agentliyin İdarə Heyətinin sədrinin müavini Vüqar Məmmədov son illər reabilitasiya sahəsində aparılan islahatlar, reabilitasiya infrastrukturunun müasirləşdirilməsi və şəbəkəsinin genişləndirilməsi istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verib. Görülən işlərin reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının 4 dəfə artmasına imkan verdiyi qeyd olunub.
Agentliyin Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri Bahadur Rzayev reabilitasiya xidmətləri spektrinin genişləndirilməsi və keyfiyyətin yüksəldilməsi üçün aparılan işlərə, son illər tətbiqinə başlanan yeni reabilitasiya xidmətlərinə dair təqdimatla çıxış edib.
Görüşdə reabilitasiya sahəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb, vətəndaş cəmiyyəti institutları nümayəndələrinin rəy və təklifləri dinlənilib.