Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində (DOST RİM) Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş olub. Görüşdə DOST RİM-in direktoru Kənan Əkpərov son illər dövlət sosial xidmətlərinin elektronlaşdırılması istiqamətində əldə olunan uğurları diqqətə çatdırıb. Nazirliyin 153 xidmətindən 140-dan və ya 90 faizdən çoxunun elektronlaşdırıldığı, e-sistem üzərindən 51 proaktiv xidmətin fəaliyyət göstərdiyi bildirilib.
E-sosial.az portalı və “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) innovativ üstünlükləri barədə məlumat verilib. E-sosial portalı və ƏMAS-ın bu il BMT-nin İKT üzrə ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə”, habelə ƏMAS-ın “IDDA Awards” müsabiqəsində “İlin Rəqəmsal Layihəsi” mükafatlarına layiq görüldüyü, BMT-nin Cənub-Cənub əməkdaşlığı platformasında uğurlu innovativ həll nümunəsi kimi təqdim edildiyi diqqətə çatdırılıb. Əmək, məşğulluq, sosial müdafiə sahələrində qurulan rəqəmsal infrastruktur, e-sistemlər üzərindən proaktiv təyinat mexanizmləri barədə təqdimatlar edilib. İctimai şuranın sədri Elşad Məmmədov və digər şura üzvləri sosial sahədə e-xidmətlərin geniş tətbiqi işlərinin önəmini qeyd ediblər.
Görüşdə bu sahədə aparılan işlərə, DOST RİM və İctimai şuranın gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.