Görüşdə Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov son illər ölkəmizdə əlillik və reabilitasiya sahəsində aparılan islahatlar, reabilitasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verib.
Son illər ərzində 12 reabilitasiya və sosial xidmət müəssisəsinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildiyi, Qəbələ və Şəmkir Uşaq Reabilitasiya Mərkəzlərinin açıldığı diqqətə çatdırılıb.
Qeyd olunub ki, görülən işlərin nəticəsində ötən il Agentlik tərəfindən rekord sayda – 88 minə yaxın əlilliyi olan şəxsə 884 minə yaxın reabilitasiya xidməti göstərilib. Təkcə bu ilin ilk 8 ayı ərzində isə 80 min əlilliyi olan şəxs reabilitasiya xidmətlərindən faydalanıb.
İctimai şuranın sədri Elşad Məmmədov və şura üzvləri ölkəmizdə qurulan müasir reabilitasiya sistemi, əlillik sahəsində aparılan islahatlar, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri, xüsusilə son nəsil protezlərlə təminatı sahəsində görülən işlər barədə müsbət fikirlərini bölüşüblər.
Görüşdə əlillik və reabilitasiya sahəsində həyata keçirilən islahatlara, əlilliyin qiymətləndirilməsi sahəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb, vətəndaş cəmiyyəti institutları nümayəndələrinin rəy və təklifləri dinlənilib.