Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzində Nazirlik yanında İctimai şura ilə görüş olub.
DOST İş Mərkəzinin direktoru Firudin Cəbrayılov “İşsizin dostu” proqramı çərçivəsində görülən işlər barədə İctimai şura üzvlərinə məlumat verib.
Mərkəzin fəaliyyət sahələrində rəqəmsal texnologiyaların tətbiqi işləri, DOST RİM-lə birgə fəaliyyət nəticəsində 1C proqram təminatından hazırda istifadə edildiyi diqqətə çatdırılıb. Bu sahədə tədbirlərin fəaliyyətin müasir iş prinsipləri əsasında təkmilləşdirilməsinə, xidmətlərdə operativliyinin və şəffaflığın artırılmasına imkan verdiyi bildirilib.
“İşsizin dostu” proqramının icrasında həssas qruplardan olanlara, o cümlədən şəhid ailəsi üzvlərinə və müharibə iştirakçılarına üstünlük verilərək daim xüsusi diqqət və qayğı ilə yanaşıldığı vurğulanıb, icra prosesi ilə bağlı monitorinq tədbirlərindən də bəhs olunub. Daha sonra İctimai şura üzvlərinin Mərkəzin fəaliyyətinin müxtəlif istiqamətləri üzrə ünvanladıqları suallar cavablandırılıb.
İctimai şuranın sədri, professor Elşad Məmmədov sosial sahədə fəaliyyət göstərən dövlət qurumları ilə İctimai şura arasında əlaqələrin genişləndirilməsi sahəsində son illər aparılmış işlərin önəminə diqqət çəkib. O, qurumlarla keçirilən belə görüşlərin, aparılan müzakirələrin əhəmiyyətini vurğulayıb.