Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Birinci Qarabağ müharibəsi əlillərinin birdəfəlik ödəmə ilə təminatı proqramına başlanmasına dair hərbi yönümlü qeyri-hökumət təşkilatları ilə görüş olub.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bu yeni sosial dəstək proqramının Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısının növbəti təzahürü olduğunu vurğulayıb, proqramın icra mexanizmi barədə məlumat verib.
Nazir müavini bildirib ki, 1997-ci il avqustun 2-dək olan xidmət dövründə aldığı xəsarət, habelə hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərlə yanaşı, proqram həmin şəxslərdən vəfat edənlərin vərəsələrini də əhatə edir. Həmçinin xidmətlə əlaqədar əlilliyi olmuş, lakin sonradan reabilitasiya olunmuş şəxslərin, eləcə də əvvəllər hazırkı məbləğdən az sığorta ödənişi almış şəxslərin də ödənişlə təmin olunması nəzərdə tutulub. Bu da proqramın humanist prinsiplərə əsaslandığını və əhatə dairəsinin daha geniş olduğunu göstərir.
A.Kərimov artıq 11 minədək şəxsə e-sistem üzərindən proaktiv qaydada birdəfəlik ödəmə təyin olunduğunu, ödənişlərin həmin şəxslərin bank hesablarına köçürüldüyünü, onlara bu barədə məlumat göndərildiyini qeyd edib.
Görüşdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri Elşad Məmmədov, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri“ İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev dövlət başçısının şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına diqqət və qayğısından bəhs ediblər
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra da şəhid ailələri, müharibə əlilləri və iştirakçıları ilə bağlı icra olunan geniş miqyaslı sosial dəstək proqramı vurğulanıb. Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramının 5 dəfə genişləndiyi, ötən dövrdə 12500-dən çox mənzil və fərdi ev, 7450 nəfər müharibə əlilinə minik avtomobili təqdim olunduğu qeyd olunub. Təkcə son 4 ildə şəhid ailələri və müharibə əlillərinə yönələn ödənişlərdə orta hesabla 2,5 dəfə artım baş verdiyi bildirilib. Şəhid ailələrinin və müharibə iştirakçılarının aktiv məşğulluq proqramları, reabilitasiya xidmətləri ilə əhatə olunduqları diqqətə çatdırılıb.
Bidirilib ki, hələ 2019-2020-ci illərdə mühüm sosial proqram - 1997-ci il avqustun 2-dək olan dövrdə şəhid olmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələri birdəfəlik ödəmə ilə təmin edilib. Hazırda isə Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı birdəfəlik ödəmə proqramı icra edilir. Bu da müharibə əlillərinin sosial müdafiəsinin daim dövlət başçısının diqqət mərkəzində olduğunu, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlıqlarını itirən qəhrəmanlarımızın dövlətin qayğısı ilə əhatə olunduqlarını bir daha təsdiq edir.
Qeyri-hökumət təşkilatlarının rəhbərləri şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına göstərilən həssas, qayğıkeş münasibətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Görüşdə Birinci Qarabağ müharibəsi əlillərinin birdəfəlik ödəmə ilə təminatı proqramının icra mexanizminə dair fikir mübadiləsi aparılıb.