Həmin vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər bir daha ictimaiyyətə təqdim olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şəhid hərbi qulluqçulara görə əvvəllər birdəfəlik ödəmə almadıqları iddiası ilə narazılıq edən bir qrup vərəsənin müraciətlərinin araşdırılması ilə bağlı aparılan işlərə dair mətbuat konfransı keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi hər birimiz üçün əzizdir və onları ehtiram hissi ilə hər zaman yad edirik. Şəhidlərimizin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Ölkədə şəhid ailələrinin yeni mənzillərlə, Prezidentin təqaüdü, pensiya və müavinətlə təminatı həyata keçirilir və bu ödənişlər mütəmadi olaraq artırılır. Şəhid ailəsi üzvləri üçün qanunvericilikdə bir sıra güzəşt və imtiyazlar da əksini tapıb, həmçinin şəhid ailələrinin respublikamızın ali təhsil və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
İ.İsayev dövlət başçısının 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının da şəhid ailələrinə xüsusi qayğının növbəti təzahürü olduğunu diqqətə çatdırıb. O bildirib ki, Fərmana əsasən şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi istiqamətində nazirlikdə yaradılmış Komissiya tərəfindən bütün zəruri işlərin görülməsi təmin olunub. Bu ödənişin həyata keçirilməsinin tam şəffaf prosedur qaydaları hazırlanıb. 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların vərəsələrindən artıq 97 faizi nazirliyin rəsmi saytındakı (http://www.mlspp.gov.az) “Birdəfəlik ödəmə” bölməsi vasitəsilə həmin ödəməni almaq hüququnun olduğunu öyrənib. Vərəsələrdən notarial qaydada qəbul olunaraq nazirliyə təqdim edilən sənədlərin hazırda təhlili aparılır və onlara birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul edilməklə, bank hesablarına müvafiq vəsaitin köçürülməsi üçün aidiyyəti quruma siyahıları göndərilir.
Nazir müavini bildirib ki, bununla belə, əvvəllərdə şəhid hərbi qulluqçulara görə şığorta ödənişi ilə təmin edilən və bu səbəbdən hazırda birdəfəlik ödəmə almaq hüququ olmayan vərəsələrdən bir qrupu indiyədək heç zaman sığorta ödənişi almadıqlarını iddia edirlər. Nazirlikdə həmin vərəsələr bir neçə dəfə qəbul olunub. Hər bir müraciət aidyyəti qurumlarla birgə araşdırılıb və onlara bununla bağlı aidiyyəti təsdiqedici sənədlər təqdim edilib. Bu sənədlər sırasında şikayətçilərə notariat kontorları tərəfindən məhz ödənişin alınması üçün vaxtilə verilmiş vərəsəlik şəhadətnamələri də var.
Bu gün də həmin şikayətçi vərəsələr nazirlikdə qəbul edilib. Onlara əvvəllər sığorta ödənişi verildiyinə dair sənədlər, ödənişin verilməsi üçün Ədliyyə Nazirliyinin notariat orqanlarında tərtib olunmuş vərəsəlik şəhadətnamələri yenidən təqdim olunmaqla, ətraflı izahat işi aparılıb.
Dövlət Sığorta Kommersiya Şirkətinin İdarə Heyəti sədrinin birinci müavini Aftandil Hacıyev ilk növbədə 1997-ci ilin avqust ayına qədərki dövrdə şəhid hərbi qulluqçulara görə sığorta ödənişinin verilməsi ilə bağlı mövcud olmuş qanunvericiliyin tələbləri, sığorta ödənişinin verilməsi prosedurları barədə məlumat verib. O, qeyd edib ki, həmin dövrdə vərəsələrə sığorta ödənişinin verilməsi qüvvədə olmuş təlimata əsasən möhürlənərək təsdiq edilən və rəsmi sənəd hesab edilən jurnalda qeydiyyata alınıb. Sığorta ödənişi üçün vətəndaşların müraciətləri əsasında onlara notariat orqanları tərəfindən məhz sığorta ödənişinin verilməsi üçün nəzərdə tutulan vərəsəlik şəhadətnamələri verilib ki, bu şəhadətnamələrdə onların sığorta ödənişi almaq üçün verildiyi qeydi əksini tapır. Sonra bu şəhadətnamələr əsas götürülməklə vərəsələrə adlı çeklər verilib, bu sənədlər əsasında banklardan vəsaitlərini qəbul ediblər.
Bu barədə şikayətçilərə də izahatlar verilib.
Sonra A.Hacıyev şikayətçi vərəsələrin vaxtilə sığorta ödənişi aldıqlarını əks etdirən arxiv sənədlərini KİV nümayəndələrinə təqdim edib.
Nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Himalay Məmişov bildirib ki, şikayətçilərin müraciətlərinin araşdırılması zamanı onlardan bir qisminin birdəfəlik ödəməni almaq hüququ olduğu, lakin nazirliyin rəsmi saytındakı “Birdəfəlik ödəmə” bölməsində səhv sorğu verdiyi üçün ona bu hüququnun olmadığı barədə cavabın verildiyi və buna görə də, şikayət etdiyi müəyyən olunub. Həmin şəxslərə də birdəfəlik ödəmə hüququ olduğu barədə məlumat verilib.
Mətbuat konfransında jurnalistlərin sualları da cavablandırılıb.