Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Fəxri Xiyabana gələrək Ulu öndərin məzarını ziyarət edib, abidəsi önünə gül-çiçək dəstələri düzüb.
Ümummilli lider Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində respublikamızın bütün sahələrdə inkişafı və həmin dövrdə Azərbaycanın gələcək müstəqilliyi üçün hərtərəfli potensialın yaradılmasını uğurla təmin edib. 1993-cü ildə xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıtdıqdan sonra ulu öndərimizin müdrik siyasi kursu, zəngin dövlətçilik təcrübəsi, yorulmaz fəaliyyəti nəticəsində ölkəmizin taleyüklü problemlərinin aradan qaldırılmasına, bütün sahələrdə getdikcə dərinləşən böhranın qarşısının alınmasına, müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsinə nail olundu.
Azərbaycanın müqəddəratını tənəzzüldən tərəqqiyə doğru dəyişən, müasir, demokratik, dünyəvi dövlət quruculuğu prosesini uğurla həyata keçirən ümummilli lider Heydər Əliyev xalqın rifah halının yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm tədbirlərin görülməsini, müasir tələblərə uyğun sosial müdafiə sisteminin formalaşdırılması məqsədilə köklü islahatlara başlanılmasını da yüksək səviyyədə təmin edib. Ulu öndər tərəfindən əsası qoyulan və sosial ədalət prinsipinin üstünlüyünə əsaslanan sosial siyasət əhalinin etibarlı sosial müdafiə tədbirləri ilə əhatə olunmasına, həssas əhali qruplarına dövlət qayğısının ildən-ilə artırılmasına, bu məqsədlə mühüm sosial proqramların hazırlanaraq həyata keçirilməsinə şərait yaradıb.
Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi, dövlət başçısının uğurlu islahatlar proqramı Azərbaycanın sürətli inkişaf tempinə, güclü iqtisadiyyata, güclü orduya, güclü sosial siyasətə və dünya birliyində güclü mövqeyə malik bir ölkə olmasına imkan verib. Müasir müstəqil Azərbaycan bu gün regionda sabitlik və inkişaf məkanı olan, bütün sahələrdə tarixi nailiyyətlər qazanan, sosial inkişaf istiqamətində də inamla irəliləyən bir ölkədir.
Ulu öndər Heydər Əliyevin əziz və işıqlı xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır!