Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin yaradılmasının 5 illiyinə həsr olunan "Sosial sahədə müasir dövlət xidmətlərinin formalaşmasının elmi paradiqması" mövzusunda elmi-praktiki konfrans keçirilib.
İştirakçılar Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Ümummilli Lider Heydər Əliyevin uğurlu sosial siyasət strategiyasının ötən dövrdə Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsi, ölkəmizin sosial sahədə böyük inkişaf yolu keçərək, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tarixi irəliləyişlərə nail olduğu bildirilib.
BDU-nun rektoru Elçin Babayev tədbir iştirakçılarına konfrans barədə məlumat verib. Konfransda hüquq elmləri, sosiologiya, iqtisad elmləri və digər sahələr üzrə məqalə və tezislərin qəbul olunduğunu diqqətə çatdırıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev sosial sahədə müasir dövlət xidmətlərinin təşkili, “bir pəncərə” konsepsiyası, sosial xidmətlərin xəritələnməsi, xidmətlərin rəqəmsal platformaya daşınması və s. mövzularda qəbul edilən məqalə və tezislərin bu istiqamətlərdə aparılan tədqiqatlar üçün yol xəritəsi olacağını vurğulayıb.
Tədbirdə iştirak edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov və BDU-nun Əmək və ekologiya hüququ kafedrasının professoru Mayis Əliyev çıxış edərək konfransın əhəmiyyətini qeyd ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana misilsiz xidmətlərindən bəhs edən və DOST Agentliyinin fəaliyyətinə dair videoçarxlar nümayiş olunub.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Agentliyin fəaliyyətinə dair təqdimatla çıxış edib.
Konfrans spikerlərin çıxışları ilə davam edib. Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
Bu gün BDU-da “Sərhədsiz istedadlar” adlı əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi-yarmarka da keçirilib.
DOST Agentliyi, BDU və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə təşkil olunan tədbirin məqsədi əlilliyi olan şəxslərin hüquq, bilik və bacarıqlarının nümayiş etdirilməsi, həmçinin onlar üçün yaradılmış imkanlar barədə məlumatlandırmanın aparılması olub.
Tədbirdə əlilliyi olan tələbə və gənclərin çıxışları dinlənilib, “DanceAbility Azərbaycan” inklüziv rəqs qrupu çıxış edib, əlilliyi olan şəxslərin uğur hekayələrinə həsr olunmuş videoçarx nümayiş etdirilib.