Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür.
Bütün həyat və fəaliyyəti Azərbaycanın inkişafına həsr olunan Ulu Öndər Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi hər bir dövrdə xalqın rifah halının yaxşılaşdırılmasını, etibarlı sosial müdafiə sisteminin qurulmasını dövlətin ən vacib vəzifələrindən biri kimi müəyyən edib.
Ötən əsrin 70-80-ci illərində Azərbaycana rəhbərlik edərkən Ümummilli Lider Heydər Əliyev ölkəmizi keçmiş ittifaq məkanında geridə qalan aqrar respublikadan qabaqcıl ölkələr sırasına çıxarıb. Onun misilsiz tarixi xidmətləri nəticəsində həmin dövrdə Azərbaycanda iqtisadiyyatın dinamik tərəqqisinə, eyni zamanda böyük sayda işçi tutumuna malik yüzlərlə müəssisə yaradılmaqla məşğulluq imkanlarının əhəmiyyətli dərəcədə artmasına, sosial sahənin davamlı inkişafına nail olunub. Orta ixtisas və ali təhsil məktəbləri şəbəkəsi dəfələrlə genişləndirilib, yeni ali təhsil müəssisələri açılıb, hər il respublikamızdan xeyli sayda gənc keçmiş ittifaqın aparıcı elm-təhsil ocaqlarına göndərilib, respublikanın iqtisadi inkişafı proseslərinə uyğun mütəxəssislər ordusu yaradılıb.
Xalqın çağırışı ilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən Azərbaycanın rəhbərliyinə qayıdışı nəticəsində ölkəmizin müqəddəratı tənəzzüldən tərəqqiyə doğru dəyişib, respublikamızın üz-üzrə qaldığı təhlükələr aradan qaldırılıb, böhranın, xaos və anarxiyanın qarşısı alınıb, ictimai-siyasi sabitlik əldə olunub. Müasir müstəqil Azərbaycan dövlətinin qurulması və uzunmüddətli inkişaf yoluna səfərbər olunmasını təmin edən Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətinin əsas istiqamətlərindən biri xalqın rifahının təmin olunması, sosial müdafiə sisteminin gücləndirilməsi, iqtisadi islahatların sosial yönümlü olmasının təmin edilməsi olub.
“Bazar iqtisadiyyatı prinsiplərini tətbiq edərək, sərbəst iqtisadiyyata geniş yol verərək və onu əsas yol hesab edərək, bunların hamısını əhalinin bütün təbəqələrinin rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəltməliyik” deyən Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış 60-dan çox sənəd sosial müdafiə sisteminin güclənməsinə, pensiyaçıların, şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, ahıl vətəndaşlarınvə digər həssas əhali qruplarının sosial təminatının yaxşılaşdırılmasına, əmək və məşğulluq sahələrinin inkişafına xidmət edib. 1995-2003-cü illər ərzində respublikamızda pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfədən çox artıb.
Eyni zamanda, həmin dövrdə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsi, məşğulluq və əmək miqrasiyası haqqında qanunlar, əlilliyin qarsısının alınması və reabilitasiyası üzrə ilk Dövlət Proqramı, Pensiya İslahatı Konsepsiyası, Demoqrafik İnkişaf Konsepsiyası hazırlanaraq təsdiq edilib. Əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən dövlət qurumu - hazırki Dövlət Əmək Müfəttişliyi Xidməti yaradılıb.
“Dövlət həm şəhid ailələrinə, həm də şəhidlərin balalarına daim qayğı göstərib və qayğı göstərəcəkdir. Buna əmin ola bilərsiniz. Biz şəhid ailələrini, şəhid balalarını heç vaxt yalqız qoymayacağıq. Buna tam arxayın ola bilərsiniz”, deyən Ulu Öndər Heydər Əliyevin tapşırıqları əsasında şəhid ailələrinə dövlətin qayğısı ildən-ilə artırılıb. Həmçinin hələ ötən əsrin 90-cı illərində ölkəmizdə mühüm sosial proqramlara - şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan insanların mənzillə və fərdi evlərlə təminatı, müharibə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanların minik avtomobilləri ilə təminatı proqramlarına başlanıb.
Onun müəyyən etdiyi vəzifələrə uyğun olaraq əlilliyi olan şəxslərin reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası sahəsində geniş miqyaslı tədbirlərin həyata keçirilməsi, əlilliyi olan şəxslər üçün yeni bərpa-müalicə müəssisələrinin yaradılması təmin olunub. Əlilliyi olan şəxslərin istedad və qabiliyyətlərinin aşkara çıxarılaraq dəstəklənməsi, onların yaradıcılıq imkanlarının cəmiyyətə tanıdılması üçün ardıcıl tədbirlər həyata keçirilib.
Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin, uğurlu sosial inkişaf strategiyasının 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi nəticəsində Azərbaycan dinamik və hərtərəfli inkişafa nail olub. 2020-ci ildə isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi Zəfər, 30 ilədək Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımızı azadlığına qovuşdurması xalqımızın sonsuz qürur, iftixar mənbəyidir.
Azərbaycanı qalibiyyət zirvəsinə yüksəldən Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə müasir və dayanıqlı, etibarlı sosial müdafiə sistemi qurulub. Sosial ödənişlərdə artımlar davamlı xarakter alıb. Sosialyönümlü xərclərin illik həcmi 19,3 dəfə, dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin illik həcmi 20 dəfədən çox, minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12,2 dəfə, müavinətlərin orta aylıq məbləği 11 dəfə, minimum aylıq pensiya 14 dəfə, yaşa görə orta aylıq pensiya 20 dəfədən çox, illik pensiya ödənişi 33,5 dəfə artıb. Həssas qrupların sosial təminatının gücləndirilməsi, onların dövlətin qayğısı ilə əhatə olunması sahəsində mühüm addımlar atılıb, sosial dəstək və aktiv məşğulluq proqramları ildən-ilə genişləndirilib.
Dövlətimizin başçısının tapşırıqları ilə xüsusilə son beş ildə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunub, bu islahatlar üçün 7 milyard manata yaxın əlavə illik vəsait ayrılıb. Nəticədə minimum pensiyada 2,5 dəfə, minimum əməkhaqqında 2,7 dəfə, orta aylıq pensiyada 2,4 dəfə, orta aylıq əməkhaqqında 75 faiz, median əmək haqqında 2,2 dəfə, əməkhaqqı fondundfa 2,8 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə artıma nail olunub.
Beləliklə, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial inkişaf strategiyası da Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməklə, sosial nailiyyətlər, vətəndaş rifahının təminatı sahəsində irəliləyişlər davamlı xarakter alıb.