Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub.
Mərkəzin direktoru Nigar Məmmədova burada görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan, 2021-ci ildə açılışı olan DOST inklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində sosial cəhətdən həssas qruplara aid şəxslərin yaradıcı potensialının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası istiqamətində işlər aparılır.
Mərkəzin benefisiarları burada 14 fəaliyyət istiqaməti üzrə təlimlərə cəlb edilməklə yanaşı, onlara sosial-pedaqoji və psixoloji dəstək xidmətləri də göstərilir.
Y.Qusev Mərkəzdə yaradıcılıq və təlim-məşq prosesini izləyib. O, benefisiarların təlimçilərlə birgə hazırladıqları əl işləri, habelə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ərsəyə gətirdikləri incəsənət nümunələri ilə tanış olub.
Səfirlə görüşdə inklüziv inkişaf və yaradıcılıq istiqaməti üzrə hər iki ölkədə fəaliyyət göstərən müəssisələr arasında təcrübə mübadiləsi aparılmasının məqsədəuyğun ola biləcəyi vurğulanıb.