Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək reabilitasiya tədbirlərinə cəlb edilən 30 ukraynalı uşaq üçün ekskursiyalar təşkil edilib.
Uşaqlar Qəbələdəki “Qəbəland” Əyləncə Mərkəzində və “Tufandağ” İstirahət Kompleksində olublar. Onlar həmçinin Qəbələ və Şəkidəki tarixi-memarlıq abidələri, Şəki Xan Sarayı, Karvansaray və Şəki mətbəxi ilə tanış edilib.
Qeyd edək ki, Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində yerləşdirilən uşaqların 10 günlük sosial reabilitasiya proqramı çərçivəsində emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərilir.
Uşaqlar üçün peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri təşkil olunur.