1 saylı DOST mərkəzi ilə tanış olan nümayəndə heyəti üçün DOST konsepsiyasına,
sosial sahədə rəqəmsal nailiyyətlərə dair təqdimatlar edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycan və Türkiyə arasında münasibətlərin əsasında dostluq, qardaşlıq və xalqların birliyi amilinin dayandığını bildirib. O, Azərbaycan və Türkiyə dövlət başçılarının səyləri ilə ölkələrimiz arasında əlaqələrin sabit və uzunmüddətli inkişafına nail olunduğunu, strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.
Qardaş Türkiyə ilə əmək, məşğulluq və sosial müdafiə sahələrində də əlaqələrin gücləndirilməsi üçün məqsədyönlü addımlar atıldığı qeyd olunub. Bu sahədə əməkdaşlığın müqavilə-hüquq bazasının da daim genişləndiyi, ötən dövrdə əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair iki qurum arasında 6 sənəd imzalandığı bildirilib.
Ölkəmizdə son illər aparılan sosial islahatlar və əldə olunan uğurlar, DOST konsepsiyası, sosial sahədə rəqəmsal nailiyyətlər barədə məlumat verilib. Sosial islahatlar prosesində Türkiyənin müvafiq qurumları ilə fəal əməkdaşlığa, təcrübə mübadilələrinə xüsusi önəm verildiyi vurğulanıb.
Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin Xarici əlaqələr idarəsinin rəisi Oğuz Tuncay iki ölkənin əmək və sosial müdafiə sahəsində əlaqələrinin daim genişlənməkdə olduğunu, qarşılıqlı faydalı təcrübə mübadilələrinin əhəmiyyətini vurğulayıb. Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti səfər çərçivəsində 1 saylı DOST mərkəzində olub, burada sosial sahələr üzrə 159 xidmətin “bir pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğuna uyğun göstərilməsi prosesi ilə tanış olub. Qonaqlar üçün DOST konsepsiyasına, sosial sahədə rəqəmsal nailiyyətlərə dair təqdimatlar edilib.
Nümayəndə heyəti ilə DOST Agentliyində keçirilən görüşdə Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov qurumun fəaliyyəti barədə məlumat verib. Agentliyin beynəlxalq uğurları, digər bir sıra ölkələrin də DOST təcrübəsini tətbiq etməkdə maraqlı olduğu diqqətə çatdırılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.