Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyədə səfərdədir.
Məqsəd Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əməyin təhlükəsizliyi və gigiyenasının təmin edilməsinin əsasları haqqında” Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiyasının nəzərdə tutulması ilə bağlı olaraq, bu sahədə qardaş ölkə ilə təcrübə mübadiləsi aparmaqdır.
Nümayəndə heyətinin Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Adnan Ertəmlə görüşü olub. Ölkələrimiz arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində fəal əməkdaşlığın həyata keçirildiyi, bu əməkdaşlığın əməyin mühafizəsi sahəsini də əhatə etməsinin əhəmiyyəti vurğulanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov ölkəmizdə son illər aparılan sosial islahatlar, əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar barədə məlumat verib. Həmçinin Azərbaycanda əməyin mühafizəsi sahəsində görülən işlərə dair təqdimat edilib, yeni yaradılan Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti qeyd olunub.
Səfər çərçivəsində Türkiyənin aidiyyəti dövlət qurumlarının rəsmiləri ilə görüşlər keçirilir, BƏT-in qeyd edilən Konvensiyasının ratifikasiyası, əməyin təhlükəsizliyi və gigiyenası sahəsində təcrübə mübadiləsi aparılır.