Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülmüş işlərə dair iclas keçirilib.
İclasda Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sosial sahədə aparılan islahatlar çərçivəsində əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərə tibbi-sosial reabilitasiya xidmətlərinin göstərilməsi sahələrində də işlərin uğurla icra edildiyi vurğulanıb.
Əlilliyi olan şəxslərin hüquqlarının təminatı sahəsində atılan addımlar barədə məlumat verilib.
Əlilliyin qiymətləndirilməsi zamanı əsas götürülən yeni meyarların sayı 2022-ci ilin 1 iyuluna qədərki cəmi 128 meyarla müqayisədə 5 dəfəyə yaxın artırılaraq 616-ya çatdırılıb. Yeni meyarlar əlilliyin qiymətləndirilməsi sisteminin mütərəqqi dünya təcrübəsinə uyğun təkmilləşdirilməsi ilə yanaşı, vətəndaş məmnunluğuna yönəlik bir sıra yeni yanaşmaların tətbiqinə imkan verib.
Bildirilib ki, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla ötən il 50,7 min şəxsə əlillik təyinatı aparılıb.
Dövlət başçısının tapşırığına əsasən son beş ildə nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Ölkə üzrə fəaliyyət göstərən 15 reabilitasiya müəssisəsi vasitəsi ilə 87,7 min şəxsə reabilitasiya xidməti göstərilib. Agentlik tərəfindən 10,5 min şəxsə 91,4 min reabilitasiya vasitəsi verilib.
Bu ilin iyul ayının 1-dən icrasına başlanacaq həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı müvafiq qərarların yekun tibbi müayinə əsasında verilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Əlilliyi olan şəxslərə göstərilən elektron xidmətlərin sayının artırılması, mövcud xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində səylərin gücləndiriləcəyi vurğulanıb.
Ötən dövrdə görülmüş işlər və qarşıya qoyulan hədəflər müzakirə olunub.