Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə şəhid övladlarının və ailə üzvlərinin Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Pilotların Hazırlığı Mərkəzinə ekskursiyası təşkil edilib.
Vətən müharibəsi şəhidlərinin övladlarının və ailə üzvlərinin asudə vaxtının səmərəli təşkili və cəmiyyətə inteqrasiyası məqsədi daşıyan görüşdə 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın 20 övladı iştirak edib.
Qonaqlara məlumat verilib ki, Pilotların Hazırlığı Mərkəzi 2010-cu ildən etibarən fəaliyyət göstərir. Mərkəz Nəzəri və Praktiki Hazırlıq şöbələrindən ibarətdir. Nəzəri Hazırlıq Şöbəsində 300-dən artıq ixtisasartırma kurslarına hər il 7000-dən artıq aviasiya sahəsində çalışan mütəxəssis cəlb olunur. Praktiki Hazırlıq Şöbəsində isə peşəkar mülki aviasiya pilotlarının hazırlığı üçün vacib olan uçuş simulyatorları quraşdırılıb.
Beləliklə, Pilotların Hazırlığı Mərkəzində “Airbus A320”, “Boeing 757/767”, “ATR-42/72”, “Embraer 190”, “Cessna 172S” təyyarələri həmçinin Mi-8AMT helikopter pilotları təlim keçir. Uçuş simulyatorunda aviasiya elminin və texnikasının müasir yeniliklər tətbiq olunmaqla, bu sahədə ən yüksək olan və beynəlxalq təşkilatlar tərəfindən yoxlanılan FFS D və FNPT 2 səviyyəsi təmin olunur.
İştirakçılar müasir standartlara uyğun qurulan trenajor mərkəzinin imkanları barədə məlumatlandırılıblar və uçuş simulyatorları ilə yaxından tanış olublar.
Ekskursiya şəhid övladlarının və ailə üzvlərinin böyük marağına səbəb olub və onlarda xoş təəssüratlar yaradıb.