Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “RehaBus” (Reabilitasiya Avtobusu) layihəsi çərçivəsində ötən dövrdə əlilliyi olan 1900-dək şəxsə xidmət göstərilib.
2022-ci ildən icrasına başlanan layihə Bakı və ətraf ərazilərdə yaşayan əlilliyi olan şəxslərin ambulator və icma əsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmağa yönəlib. Layihə həmin şəxslərin müvafiq reabilitasiya müəssisəsinə asan, rahat şəkildə çatmasını təmin edir.
Reabilitasiya avtobusları Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda əvvəlcədən təyin edilmiş gözləmə məntəqələrindən əlilliyi olan uşaqları (onları müşayiət edən yaxınları ilə birgə) götürərək Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır.
Reabilitasiya proseduru bitdikdən sonra isə onlar yenidən geri qaytarılırlar.