Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyində işğaldan azad olunan ərazilərimizdə kənd təsərrüfatı istiqaməti üzrə fəaliyyət göstərən işəgötürənlərlə görüş keçirilib.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, hər iki Nazirliyin nümayəndələri və işəgötürənlər iştirak edib.
A.Əliyev Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində görülən işləri, işğaldan azad edilmiş ərazilərimizdə məşğulluğun təminatı istiqamətində həyata keçirilən tədbirləri qeyd edib. Bu tədbirlərdə xüsusilə kənd təsərrüfatı üzrə fəaliyyət göstərən şirkətlərin payının yüksək olduğu bildirilib. S.Cəfərov həmin ərazilərdə məşğulluğun təminatı üçün işəgötürənlərlə fəal əməkdaşlığın önəmini, vakansiya bankından aktiv istifadənin əhəmiyyətini qeyd edib.
Daha sonra Agentliyin rəqəmsal layihələri, sosial tərəfdaşlarla iş, işəgötürənlər üçün güzəşt və imtiyazlar, Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun təminatı sahəsində işəgötürənlərlə əməkdaşlıq imkanları ilə bağlı təqdimat edilib, işəgötürənlərin sualları cavablandırılıb.
İşğaldan azad olunan ərazilərimizdə sakinlər üçün aktiv məşğulluq proqramlarının icrası, habelə əmək yarmarkalarının təşkili, yeni yaradılan və vakant iş yerləri ilə bağlı məlumat mübadiləsinin aparılması və s. istiqamətlərdə görüləcək birgə işlər müzakirə olunub.