Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində doğma yurdlarına köçürülən sakinlərin məşğulluğunun təmin edilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir.
Doğma yurdlarına qayıdan şəxslərlə görüşlər keçirilərək, onların məşğulluq imkanları qiymətləndirilir və məşğulluqlarının təmin olunması üçün müvafiq ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə əməkdaşlıq şəraitində dəstək tədbirləri həyata keçirilir.
Bu tədbirlər çərçivəsində ötən dövrdə Füzuli və Laçın şəhərlərində əmək yarmarkaları təşkil edilib. Keçirilən əmək yarmarkalarında Füzulidə 20 işəgötürən tərəfindən 200 vakansiya, Laçında 16 işəgötürən tərəfindən 200 vakansiya sakinlər üçün təqdim edilib.
Görülən kompleks tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış sakinlərdən artıq 1000-dən çox şəxsin məşğulluğu təmin edilib.
İşğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlərin əsas istiqamətlərindən biri də peşə hazırlığı kurslarının təşkilidir.
Artıq Laçın, Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl şəhərləri, Laçının Zabux və Sus, Füzulinin Dövlətyarlı, Cəbrayılın Horovlu və Şükürbəyli, Qubadlının Mahruzlu və Zilanlı, Ağdərənin Talış və Suqovuşan, Ağdamın Xıdırlı, Sarıcalı, Kəngərli, Salahlı Kəngərli, Baş Qərvənd kəndlərinin işsiz və işaxtaran sakinləri üçün peşə hazırlığı kurslarının təşkili işlərinə başlanıb.
2026-cı ilə kimi işğaldan azad olunmuş ərazilər üzrə Nazirliyn xətti ilə ilkin mərhələdə 12 min şəxsin peşə hazırlığına cəlb edilməsi planlaşdırılır. Ümumilikdə 2023-cü ildə ölkə üzrə 1000-dən çox keçmiş məcburi köçkün peşə hazırlığına cəlb olunub.
İşğaldan azad olunan ərazilərimizdə aktiv məşğulluq proqramları davamlı olaraq genişlənəcəkdir.