Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” –Reabilitasiya Məntəqəsində əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatına da başlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həmin məntəqədə bölgənin 20-dək əlilliyi olan sakininə reabilitasiya vasitələri təqdim edilib.
Həmin vasitələrin sırasına açıq və qapalı məkanda istifadə üçün mexaniki təkərli oturacaq, dirsəkaltı və qoltuqaltı ağac, əsa, reabilitasiya vasitələri üçün rezin ucluq və s. daxildir.
Bundan sonra “RehaPoint”-da əlilliyi olan şəxslərin daimi olaraq reabilitasiya vasitələri ilə təminatı həyata keçiriləcək.
Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint”–Reabilitasiya Məntəqəsi ötən ilin dekabrında fəaliyyətə başlayıb. Burada bölgənin əlilliyi olan sakinlərinə ambulator formada reabilitasiya xidmətləri (müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri) göstərilir.
Məqsəd regionlarda əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə əlçatanlığının və vətəndaş məmnunluğunun artırılması, bərpa prosesində əldə edilən nəticələrin davamlılığının təmin edilməsi, regionlarda reabilitasiya infrastrukturunun gücləndirilməsidir. Ötən dövrdə məntəqədə 250-dək şəxsə reabilitasiya xdmətləri göstərilib.
“RehaPoint” - Reabilitasiya Məntəqəsi infrastrukturunun yeni yaradılacaq regional DOST mərkəzləri üzrə genişləndirilməsi nəzərdə tutulur.