8 Mart - Beynəlxalq Qadınlar Günüdür
Ötən il də Dövlət Məşğulluq Agentliyi tərəfindən 44,5 min qadın işlə təmin olunub, 5,6 min qadın üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb
Ölkəmizdə həyata keçirilən dövlət məşğulluq siyasətinin prioritetlərindən biri də qadınların əmək bazarında iştirak və məşğulluq imkanlarının artırılmasıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu istiqamətdə tədbirlərin davamı olaraq, 2023-cü ildə daha 44,5 min qadın münasib işlə təmin olunub.
Özünüməşğulluq proqramı işsiz və işaxtaran qadınların da kiçik sahibkarlığa çıxışında önəmli rola malikdir. Bu proqram üzrə ötən il daha 5,6 min qadına aktivlər verilməklə onlar üçün kiçik biznes sahələri yaradılıb.
Digər mühüm istiqamət olaraq 2023-cü ildə 5,3 min qadın üçün əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kursları təşkil edilib.
Eləcə də Agentlik tərəfindən son illər qadınların məşğulluğuna dəstək məqsədilə bir sıra layihələr (“Birgə və sağlam”, “Məktəbim”, “Tənha anaların sosial inkişafına dəstək” və s.) də icra olunub.
Azərbaycan ötən dövrdə qadın hüquqları ilə bağlı mühüm beynəlxalq sənədləri ratifikasiya edib və ölkə qanunvericiliyində gender bərabərliyi ilə bağlı mütərəqqi beynəlxalq yanaşmalar əksini tapır. Əmək və məşğulluq sahəsində qadın və kişilər arasında ayrı-seçkiliyə yol verilməsi qanunla qadağan edilib. Son illər əmək qanunvericiliyində qadınların məşğulluq imkanlarının artırılmasına yönələn bir sıra dəyişikliklər də edilib.
Qadınların əmək bazarında iştirak səviyyəsi artmaqda davam edir və Dövlət Statistika Komitəsinin məlumatına görə, qadınların məşğul əhalinin ümumi sayında xüsusi çəkisi ilkin məlumatlara əsasən 47,9 faizdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumlarında çalışanların da hazırda 52,2 faizini qadınlar təşkil edir.