Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla birgə Gəncə şəhərində özünüməşğulluq proqramı əsasında yeni yaradılan təsərrüfatlara baxış keçiriblər.
Proqram iştirakçıları ilə görüşündə nazir vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, özünüməşğulluq proqramı bu il daha da genişləndirilib. 2020-ci ildə 12 minədək şəxsin proqramla əhatə olunması nəzərdə tutulub və artıq 12 minə yaxın şəxs də proqrama cəlb olunub. Hazırda bu proses, həmçinin cəlb olunanların mal və materiallar, avadanlıqlar formasında aktivlərlə təminatı davam edir.
S.Babayev bu il Gəncədə də artıq 266 nəfərin özünüməşğulluq proqramına cəlb edildiyini, onların mühüm hissəsinin proqram əsasında öz təsərrüfatlarını qurduqlarını deyib. O qeyd edib ki, postmüharibə dövründə Vətən müharibəsi şəhidlərinin və müharibədə yaralanmış hərbçilərin ailələri, müharibə iştirakçıları ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir. Son bir ayda artıq 5500-dək şəxs bu tədbirlərlə əhatə olunub. Bu dəstək tədbirlərinin də bir istiqaməti həmin insanların özünüməşğulluq proqramı əsasında kiçik bizneslərini qurmasıdır. Məqsəd aztəminatlı ailələrin bu proqram vasitəsilə kiçik biznesə çıxışına şərait yaratmaqdır.
Özünüməşğulluq proqramı çərçivəsində İbrahim Kərimovun qurduğu ayaqqabı təmiri və istehsalı, müharibə iştirakçısının ailə üzvü olan Tofiq Vəliyevin qurduğu avtoyağlama və Eldar İsmayılovun qurduğu avtomobil şinlərinin təmiri üzrə xidmət sahələri nəzərdən keçirilib. Proqram iştirakçılarının verilmiş aktivlərdən düzgün istifadə etdikləri və özünüməşğulluq fəaliyyətlərini, kiçik bizneslərini inkişaf etdirmək əzmində olduqları müəyyən olunub.
Proqram iştirakçıları dövlətin qayğısı ilə əhatə olunduqlarına, öz kiçik bizneslərini qurmaq üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.