Ölkəmizdə əməyin mühafizəsi sahəsində müasir tələblərə cavab verən milli standartların hazırlanması nəzərdə tutulur. Məqsəd qabaqcıl dünya təcrübəsi əsasında iş yerlərində əməyin maksimal təhlükəsizliyinin qorunmasını, peşə risklərinin idarə olunmasını təmin edən preventiv tədbirlər sisteminin formalaşdırılmasıdır.
Əməyin mühafizəsi ilə bağlı milli standartlar hazırlanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində “Əməyin təhlükəsizliyi” standartlaşdırma üzrə Texniki Komitə də yaradılıb.
Komitənin ilk iclasında fəaliyyət planının, fəaliyyət sahələri üzrə normativ sənədlərin və texniki reqlament layihələrinin, əməyin mühafizəsi üzrə elmi tədqiqat işlərinə əsaslanan milli standartların işlənib hazırlanması məsələləri müzakirə edilib.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrlik etdiyi Komitədə müxtəlif təşkilatların, işəgötürənlərin nümayəndələri də təmsil olunur.