Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təminat proqramının davamı olaraq Quba, Balakən, Naftalan, Xızı, Kürdəmir rayonlarında yeni inşa olunmuş 20 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
Qubada evlərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Quba rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev iştirak ediblər.
Vurğulanıb ki, uğurlu daxili və xarici siyasəti ilə ölkəmizi daim uğurlara, zəfərlərə doğru aparan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bu gün yeni qəhrəmanlıq salnaməsi yazır. Təcavüzkar Ermənistanın işğalından azad edilən kənd və qəsəbələrimizin, şəhərlərimizin sırası daim genişlənir və əldə olunan möhtəşəm Qələbələr hər birimizdə sonsuz iftixar hissləri yaradır. Şanlı tarix yazıldığı bu günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə dövlətin qayğısı, bu kateqoriyadan olan vətəndaşların mənzil və fərdi evlə təminat proqramı da davam edir.
2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Bu gün 5 rayonda təqdim edilən 20 fərdi ev (o cümlədən Qubada 9, Naftalanda 6, Balakəndə 3, Xızıda 1, Kürdəmirdə 1) də daxil olmaqla, onlardan artıq böyük əksəriyyəti verilib və bu proses qarşıdakı günlərdə də davam edəcək. Ümumilikdə ötən dövrdə 8318 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.
Şəhid ailələri və müharibə əlilləri çıxış edərək torpaqlarımızı işğaldan azad edən, düşmənə sarsıdıcı zərbələr vuran Ordumuzla, onun gücü, hünər və rəşadəti ilə fəxr etdiklərini bildirib, şəhidlərimizin qanının yerdə qalmadığını, azad olunan Vətən torpaqlarına görə şəhidlərimizin ruhunun da sevindiyini vurğulayıblar. Onlar yüksək qayğı ilə əhatə olunduqlarından razılıqla bəhs edib, bu qayğıya, fərdi evlərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.