Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi barədə Prezident İlham Əliyevin tapşırığı qısa müddətdə icra olunacaq və yaxın günlərdə bu ödənişlərin verilməsi təmin ediləcək.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları üzrə işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərdən ibarət 278 min nəfəri əhatə edəcək bu ödəmələr üçün 53 milyon manat sərf ediləcək. Bununla da COVİD-19 dövründə yalnız bir dəstək istiqaməti – birdəfəlik ödəmə proqramı üzrə yönəldilmiş vəsaitin ümumi həcmi 333 milyon manata çatacaq.
Nazir bildirib ki, Prezident İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə qeyd etdiyi kimi, “Son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülübdür. Biz təqribən 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır”.
S.Babayev diqqətə çatdırıb ki, iş yerlərinin qorunması, eləcə də özəl sektor üzrə 760 min nəfərin işsizlik riskinin qarşısının alınması ilə bərabər, ilin əvvəlindən bu sektorda əmək müqavilələrinin sayında da 120 minə yaxın (19%) artım olub. Ümumən bu il avqustun 1-nə əmək müqavilələrinin sayı 1 mln. 660 min olmaqla, bu müqavilərinin sayında 6% artım qeydə alınıb. Əmək haqqı fondu isə 8% artıb, o cümlədən özəl sektor üzrə bu artım 15% olub.
Sosial ödənişlərin davamlılığının, hətta hər ay vaxtından əvvəl ödənilməsinin təmin edildiyini qeyd edən nazir bildirib ki, sosial ödənişlərin ciddi şəkildə artımı nəticəsində bu istiqamət üzrə maliyyələşmədə də ciddi vəsait artımı özünü göstərir. Bu ilin 6 ayında da pensiya, müavinət və təqaüdlər üzrə 2 milyon vətəndaşa 587 mln. manat (27%) çox olmaqla 2,8 mlrd. manat yönəldilib, o cümlədən pensiyalar üzrə 436 mln. manat (24%) çox vəsait ödənilib. Əlavə olaraq 14 min ailə üzrə 60 minə yaxın şəxs ünvanlı sosial yardım proqramına cəlb edilib, proqram artıq 350 min insanı (85 min ailə) əhatə edir və sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də 225 manatı ötüb.
Sosial müdafiə sahəsində xərclərin optimallaşdırılması, şəffaflığın təmin edilməsi və əsassız xərclərin qarşısının alınması sahəsində görülən işlərin nəticələrini qeyd edən S.Babayev ciddi maliyyə qənaətləri formalaşdırıldığını, 2019-cu ildə 320 mln., 2020-ci ildə 238 mln. manatın qənaət olunmaqla büdcəyə qaytarıldığını deyib.
S.Babayev dövlət başçısının tapşırığı ilə ödənişli ictimai iş yerlərinin sayının da 90 minə çatdırıldığını bildirib. Ötən il 103 min, cari ilin 6 ayında 54,3 min nəfərin məşğulluq orqanları tərəfindən işlə təmin olunduğunu deyən nazir “Məşğulluq” altsisteminə bu il 100 mindən çox vakansiyanın daxil edildiyini, hazırda 47 min vakansiyanın mövcud olduğunu, qalanlarına göndərişlər verildiyini deyib. O, 2018-2019-cu illərdə təqribən 6 min nəfərin peşə hazırlığına cəlb edildiyini, bu il də bu sahədə müvafiq işlərin görüldüyünü, gələn il isə 9 min nəfərin peşə hazırlığına cəlb edilməsinin nəzərdə tutulduğunu qeyd edib. O cümlədən, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması istiqamətində gələn il 3 min nəfər beynəlxalq sertifikatlı (İSO) mütəxəssis hazırlığının həyata keçirilməsinin planlaşdırıldığını bildirib.
Nazir yeni DOST mərkəzlərinin yaradılması, reabilitasiya və sosial xidmət infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi sahəsində aparılan işlər barədə də məlumat verib. Bu il 8 yeni reabilitasiya mərkəzinin açılmasının nəzərdə tutulduğunu, nəticədə il ərzində reabilitasiya xidmətləri göstərilənlərin sayının iki dəfə artaraq 28 minə çatacağını deyib.
S.Babayev nazirliyin tabeliyində yeni publik hüquqi şəxslərin yaradılmasının inzibatçılıqdan xidmət modelinə keçidi təmin etdiyini deyib, həmçinin yeni layihələr kimi, ölkə üzrə məşğulluq xəritəsinin, vahid əmək münasibətləri platformasının, ərazi məşğulluq proqramlarının hazırlanması, məşğul şəxslərin reyesrinin təkmilləşdirilməsi və s. sahələrdə aparılan işləri diqqətə çatdırıb. Elektron təyinat sistemlərinin (2 pensiya, 19 müavinət və təqaüd növü üzrə) fəaliyyətini, xüsusilə pandemiya dövründə müraciət olunmadan sosial təminat növləri üzrə ödənişlərin e-qaydada təyinatının mühüm əhəmiyyətini qeyd edib. Bildirib ki, e-xidmətlərin sayının daha da artırılması işləri aparılır, növbəti ilin sonunadək əmək, məşğulluq, sosial təminat üzrə ümumilikdə 132 xidmətdən 90-nın elektronlaşdırılması nəzərdə tutulur.
O, özünüməşğulluq proqramının da genişləndirildiyini vurğulayıb. Qeyd edib ki, bu il proqram çərçivəsində 12 min ailənin kiçik ailə təsərrüfatlarının yaradılması işləri aparılır və müvafiq qərara əsasən bu il proqrama cəlb olunanların təlimə cəlb edilmədən aktivlərlə təminatı həyata keçiriləcək. Dünya Bankı, BMT İnkişaf Proqramı, Heydər Əliyev Fondu, yerli banklar, habelə dövlət qurumlarından KOBİA, ABAD, Qida Təhlükəziliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi də bu proqramın genişləndirilməsi və dəstəklənməsi işlərinə cəlb edilib.
İşsiz şəxslərin sosial müdafiəsində mühüm dəstək kimi işsizlikdən sığorta ödənişlərinin də əhatə dairəsinin genişlənəcəyini deyən nazir bildirib ki, həmin ödənişin təyinat şərtlərinin yumşaldılması üçün hazırlanmış qanun layihəsi artıq parlamentdə müzakirə olunur. Layihə qəbul edildikdə, bu, işsizlikdən sığorta ödənişi alanların sayının artırılmasına, cari il üçün həmin sayın artıq 20 minə çatdırılmasına imkan verəcək.
S.Babayev sosial dəstək tədbirləri çərçivəsində 65 yaşdan yuxarı tənha və əlilliyi olan şəxslərdən ibarət 15 mindən çox vətəndaşa evlərində sosial xidmət göstərildiyini, 1000-dək şəxsin sosial xidmət müəssisələrində stasionar şəraitdə sosial xidmətlə təmin edildiyini deyib. Sosial tərəfdaşların dəstəyi ilə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqları olan ailələr, çoxuşaqlı ailələr, aztəminatlı olan 100 min ailəyə iki dəfə (200 min ərzaq payı) verildiyini deyib. Nazir xüsusi karantin dövründə əlillik və işsizlikdən sığorta ödənişinin müddəti bitənlərə müvafiq ödənişlərin, peşə hazırlığında fasilə yarananlara təqaüdlərin verilməsinin davam etdirildiyini deyib. Bu dəstək tədbirinin 16 min şəxsi əhatə etdiyini, xüsusi karantin rejimi müddətində əlilliyi olan şəxslərə ehtiyac duyduqları minlərlə reabilitasiya vasitəsinin evlərinə aparılaraq verildiyini qeyd edib.
Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlə təminat proqramının genişləndirildiyini deyən S.Babayev bildirib ki, yalnız son iki ili götürdükdə, 2018-ci illə müqayisədə 3 dəfəyə yaxın, 2019-cu ilə nisbətən 60 faizdən çox olmaqla, bu il rekord həddə, yəni azı 1500 mənzil və fərdi ev veriləcək. Artıq onlardan 554 mənzil, o cümlədən təkcə son 20 gündə 250 mənzil təqdim edilib. Bu vaxta kimi 8142 mənzil və fərdi ev verilib. Eləcə də müharibə əlillərinin avtomobillə təminatı tədbirlərinin davamı kimi, həmin vətəndaşlara 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600 avtomobil verilib, 2020-ci ildə də isə 400 avtomobilin verilməsi nəzərdə tutulub ki, onlardan artıq 150-si verilib. Ümumən indiyədək 6900 avtomobil bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib.
Nazir daha sonra jurnalistlərin suallarını cavablandırıb.