Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əlillik” altsistemində təkmilləşdirmələr aparılıb.
Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşəbbüsü ilə edilən yeniliklər nəticəsində “Əlillik” altsisteminin fuksionalllığı xeyli genişləndirilib.
Yeniliklərdən biri kimi, altsistemə Səhiyyə Nazirliyinin hemodializ, vərəm, onkoloji, peşə xəstəliyi və gözdən əlilliyi olan şəxslərlə bağlı elektron reyestri daxil edilib. Həmçinin əlilliyin qiymətləndirilməsi ilə bağlı müraciət edilən şəxsin əmək müqaviləsi barədə məlumatlar altsistemdə təkmilləşdirilib.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi, şəxsin istifadə etdiyi reabilitasiya vasitələri, müraciət edən şəxsin bundan əvvəl əsassız əlillik təyinatının olub-olmaması, müvafiq qurumların elektron informasiya ehtiyatları ilə mübadilə şəraitində şəxslərin sürücülük vəsiqələri barədə məlumatlar da altsistemə daxil edilib. 18 yaşına qədər uşaqların sağlamlıq imkanları məhdudluğunun ilkin və təkrar təyinatları zamanı onların hansı formada təhsil almaları barədə məlumatlar da altsistemdə əhatə olunacaq.
Bütün bunlar qeyd edilən məlumatlar əsasında əlilliyin qiymətləndirilməsinin daha təkmil və obyektiv, həmçinin çevik aparılmasına imkan verəcək.
Əlilliyin qiymətləndirilməsi məqsədi ilə indiyədək vətəndaşlarla bağlı edilmiş müraciətlərin sayı və imtina səbəbləri də xüsusi bölmədə əksini tapacaq.
Artıq iyulun 15-dən əlilliyin qiymətləndirilməsi prosesi təkmilləşdirilmiş “Əlillik” altsistemi üzərindən həyata keçiriləcək.