Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə vətəndaş cəmiyyəti institutları nümayəndələrinin infoturu təşkil edilib.
Tədbir əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası sahəsində görülən işlər və icra edilən layihələr barədə məlumat vermək, həmçinin QHT-lərin bu sahə ilə bağlı rəy və təkliflərini öyrənmək məqsədi daşıyıb.
İnfotur iştirakçıları Mərkəzdə yaradılan şəraitlə, burada əlilliyi olan şəxslərə göstərilən xidmətlər ilə tanış olublar.
İştirakçılara məlumat verilib ki, Mərkəzdə 15-29 yaşlı əlilliyi olan şəxslərin müxtəlif peşələr üzrə peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir.
Onlar 3-6 aylıq kurslarda 10-dan çox istiqamət (kompüter istifadəçisi, dərzilik, toxuculuq, ağac üzərində oyma, qadın bərbəri, kişi bərbəri, rəssamlıq, xalçaçılıq və s.) üzrə peşə bacarıqlarına yiyələnirlər. Kursları uğurla bitirən şəxslərə peşə şəhadətnamələri verilir və əmək bazarına çıxışı üçün dəstək göstərilir.
Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana, yemək, sosial-psixoloji və tibbi-sosial xidmətlərlə təmin olunurlar. Gənclər peşələrlə yanaşı, musiqi dərnəyi, dizayn dərnəyi, stolüstü oyunlar, paralimpiya idman məşqlərinə də cəlb edilirlər.
Yaxın günlərdə əmək bazarının tələblərinə uyğun olaraq Mərkəzdə daha 3 peşə (fotoqrafiya, avadanlıqların təmiri və manikür) üzrə hazırlıq kursları təşkil ediləcək və 3-6 ay davam edəcək.
Bununla yanaşı, Mərkəzdə floristika və bədii tikmə üzrə dərnəklər də təşkil ediləcək. Əlilliyi olan şəxslər üçün sosial-psixoloji ünsiyyət, rəqs, musiqi və peşə istiqamətləri üzrə terapiyaların tətbiqi də nəzərdə tutulub.
Qeyd edək ki, bu ilin ötən dövründə 230-dan çox əlilliyi olan şəxsə xidmət göstərilib.