Özbəkistanda səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Özbəkistanın məşğulluq və yoxsulluğun azaldılması naziri Behzod Musayevin görüşü olub.
S.Babayev qardaş ölkələr olan Azərbaycan və Özbəkistanın qədim tarixə malik əlaqələrini qeyd edib, Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin birgə səyləri ilə bu əlaqələrin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.
İkitərəfli əlaqələrin sosial sahəni də əhatə etdiyi, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğu qeyd edilib.
Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində son illər aparılan islahatlar, icra olunan aktiv məşğulluq proqramları, DOST konsepsiyası, sosial sahədə rəqəmsal nailiyyətlər barədə məlumatlar verilib. Ötən il istifadəyə verilən “Əmək və Məşğulluq” altsisteminin üstünlükləri, əmək bazarı iştirakçıları üçün faydaları qeyd olunub.
B.Musayev iki ölkənin daim inkişaf edən əlaqələrinin məmnunluq doğurduğunu bildirib, əmək və məşğulluq, yoxsulluğun azaldılması sahələrində əməkdaşlığın genişlənməsində, fəal təcrübə mübadilələrində maraqlı olduqlarını bildirib.
Tərəflər arasında əmək, əməyin mühafizəsi, məşğulluq, özünüməşğulluq proqramının icrası, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Gələn ay Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Əmək Nazirlərinin Konfransına dair fikir mübadiləsi aparılıb. İƏT-in Bakıda yaradılacaq Əmək Mərkəzinin əhəmiyyəti, Təşkilata üzv ölkələr arasında əlaqələrin güclənməsinə töhfə verəcəyi qeyd olunub, gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Həmçinin əmək miqrasiyası sahəsində hazırlanmış hökumətlərarası saziş layihəsinə dair fikir mübadiləsi aparılıb, layihənin imzalanmaq üçün hazır olduğu bildirilib.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyi arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb.