COP29 tədbirində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Özbəkistanın məşğulluq və yoxsulluğun azaldılması nazirinin müavini Rəno Turdiboyeva və Qırğızıstanın əmək, sosial təminat və miqrasiya nazirinin birinci müavini Muxtarbek Baymurzaevin başçılıq etdiyi nümayəndə heyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində ölkəmizdə aparılan işlər barədə qonaqlara məlumat verib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olduğu vurğulanıb.
Mərkəzin direktoru vəzifəsini icra edən Elnarə Ənsari burada əlilliyi olan şəxslər və digər həssas qrupların bacarıqlarının inkişafı və cəmiyyətə inteqrasiyası üçün aparılan işləri diqqətə çatdırıb. Qonaqlar Mərkəzdə təlim prosesini izləyib, benefisiarların əl işlərinə baxıblar. Burada həyata keçirilən reabilitasiya xidmətləri, layihələr də qeyd edilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mərkəz və “DOST Evi” filialında hazırlanan sənət nümunələri, benefisiarlar və təlimçilərin ifasında musiqi nömrələri qonaqlarda xoş təəssürat yaradıb. R.Turdiboyeva və M.Baymurzaev inklüzivliyin tətbiqi və təşviqi üzrə Azərbaycan təcrübəsini yüksək qiymətləndirib, Mərkəzin xatirə kitabına ürək sözlərini yazıblar.