Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi eşitmə və nitq məhdudiyyəti olan şəxslərin hüquqlarının təmin edilməsi, onların cəmiyyətə inteqrasiyası, işarət dilindən istifadənin tanınması və həvəsləndirilməsi məqsədilə növbəti həftədən etibarən “Surdo-İnfo” və “İnklüziv cəmiyyət üçün birlikdə öyrənək!” adlı layihələrə start verir.
Hər həftənin cümə axşamı Nazirliyin rəsmi sosial şəbəkə hesablarında yayılması nəzərdə tutulan “Surdo-İnfo” informasiyanı sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə təmin etmək məqsədi daşıyır. Eşitmə və nitq məhdudiyyəti olan şəxslər artıq Nazirliyin fəaliyyət istiqamətləri üzrə məlumatları surdotərcüməçi vasitəsilə əldə edə biləcəklər.
“İnklüziv cəmiyyət üçün birlikdə öyrənək!” adlı digər layihə isə hər həftənin çərşənbə axşamı sosial şəbəkə izləyiciləri üçün yeni dil – işarət dilinin onlayn tədrisinə başlayacaq. Qeyd edək ki, işarət dili eşitmə və danışma məhdudiyyəti olan insanlarla ünsiyyət qurmaq üçün istifadə olunur. Bu rubrika vasitəsilə hər kəs işarət dilini sıfırdan öyrənmə imkanı qazanacaq.