Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial portalı Böyük Britaniyanın "iESE - The Public Sector Transformation Partner” beynəlxalq qurumunun təşkil etdiyi “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsində də uğur qazanıb.
Azərbaycanın bu elektron sosial layihəsi müsabiqənin münsiflər heyətinin qərarı ilə qaliblər siyahısına daxil edilərək, Nazirlik dövlət xidmətlərin transformasiyasında əhəmiyyətli yeniliklərə görə 2024-cü il üzrə Mükəmməllik Sertifikatına layiq görülüb.
2019-cu ildən istifadədə olan e-sosial.az portalı vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara real vaxt rejimində çıxış və sosial əmək hüquqlarına nəzarət imkanı verir.
Bundan əvvəl portal ABŞ-ın beynəlxalq onlayn “dotCOMM Awards” müsabiqəsində “Platinium” kateqoriyasında qalib seçilib. Habelə, Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatına (“Əmək və Məşğulluq” altsistemi ilə birgə) layiq görülüb.